Ölkənin Səhiyyə sahəsində özünəməxsus yeri olan “Referans” Klinik Laboratoriya Mərkəzi fəaliyyətini daha da genişləndirib.
Oxu.az xəbər verir ki, səhiyyəmizin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirən “Referans”ın Özbəkistanın paytaxtı Daşkənd şəhərində növbəti filialının açılışı baş tutub.
Tədbirdə çıxış edən “Referans” Klinik Laboratoriya Mərkəzinin Daşkənd filialının direktoru Rövşən Vəliyev Azərbaycan-Özbəkistan əlaqələrinin yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdiyini vurğulayıb. “Referans” Klinik Laboratoriya və Poliklinik Mərkəzləri Azərbaycanda olan 7 illik fəaliyyəti daxilində tətbiq etdiyi keyfiyyətli xidmət, dəqiq diaqnostik müayinələr, düzgün laborator diaqnostika ilə kifayət qədər pasiyentin etibarını qazanıb. Artıq bu təcrübəsini və peşəkar xidmətini Özbəkistanda fəaliyyətə başlayan yeni laboratoriyada tətbiq etməyi, Özbəkistan səhiyyəsinin inkişafına dəstək göstərməyi, eyni zamanda orada yaşayan əhalinin sağlamlığının qeydinə qalmağı qarşısına əsas məqsəd kimi qoyulduğunu vurğulayıb.
Daha sonra açılış iştirakçıları “Referans Medical Group”un ümumi fəaliyyət istiqamətləri və filialları ilə tanış oldular.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyinin müşaviri Mahir Cəfərov, I katib İlqar İbrahimov, hərbi attaşe Samir Əfəndiyev, hərbi attaşenin köməkçisi Aydın Rəhimov, yeni açılan mərkəzin və qarşılıqlı əlaqələrin hər iki ölkə üçün olan əhəmiyyəti haqqında danışıblar.
Rəsmi açılışdan sonra Daşkənd şəhərində həm dövlət, həm özəl müəssisələrdə fəaliyyət göstərən müxtəlif ixtisaslı həkimlər üçün yaradılan laboratoriyadaxili şərait və cihazlar, eyni zamanda ilk dəfə olaraq məhz “Referans” Laboratoriyasında aparılacaq xüsusi laborator analizlər və genetik müayinələr haqqında məlumat verilib.
Daşkənd filialı sayca “Referans”ın ümumilikdə 22-ci, ölkə xaricində isə ikinci filialıdır (ilk ölkəxarici filial isə Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərir).
Xatırladaq ki, pasiyentlərinə beynəlxalq standartlara uyğun tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinik mərkəzlərindən biri olan “Referans” Klinik Laboratoriya və Poliklinika Mərkəzi 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir. Mərkəz dünya standartlarına uyğun müasir avadanlıqlarla və aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunub.