3 iyun tarixində Bakıda bölgədə səhiyyənin inkişafı üzrə innovasiyalara həsr olunmuş “Philips Day” beynəlxalq konfransı keçirilib. Tədbirdə instrumental diaqnostika həkimləri, cərrahlar, rentgen laborantları, reanimatoloqlar və digər tibb işçiləri üçün təcrübə mübadiləsi imkanı yaradılıb.
“Philips Day” tədbirinin əsas mövzusu Azərbaycanda səhiyyənin inkişafında qabaqcıl təcrübə və texnologiyaların tətbiqi idi. “Philips” və “International Healt Group” (IHG) tərəfindən təşkil olunmuş tədbir şüa və ultrasəs diaqnostikası, kardiologiya, rentgenendovaskulyar cərrahiyə və reanimatologiya mütəxəssislərini, tibb qurumlarının rəhbərlərini bir araya gətirərək əsl təcrübə və ekspertiza mübadiləsi platformasına çevrilib. İştirakçılar müasir kliniki həllərin ümumi cəhətlərini müzakirə edib, müxtəlif istiqamətlərdə sessiyaları ziyarət edərək yüksək texnologiya ilə çalışan avadanlıqları fəaliyyət prosesində görübdülər.
Tədbiri Niderland Krallığının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Paulin Eyzema açıb. Konfransda Azərbaycan Radiologiya Cəmiyyətinin mütəxəssisləri, Azərbaycan Kardiologiya Cəmiyyətinin nümayəndələri, həmçinin “Philips” avadanlıqlarının kliniki tətbiqi üzrə ekspertlər iştirak ediblər.
Konfrans iştirakçıları həkimlərə hər diaqnozda əminlik üçün daha çox detal görməyə imkan verən müasir diaqnostika metodikalarıyla tanış olublar. “Philips” mütəxəssisləri maqnit-rezonans araşdırmalarının aparılması üçün yeni texnologiyalardan, MRT kabinetinin məhsuldarlığının artırılması üçün inteqrasiya olunmuş həllərdən danışıblar. İkiqat spektral detektorlu kompüter tomoqrafına xüsusi diqqət yetirilib. Bu cihaz öncədən tənzimləməyə ehtiyac duymadan rentgen borusunun bir dövrəsində məlumatın bir neçə qatını əldə etməyə imkan verərək diaqnostikanın dəqiqliyini və sürətini artırır.
Tədbir iştirakçıları araşdırmalar zamanı daha çox kliniki əhəmiyyətli informasiya almağa, diaqnozu mümkün qədər tez və əlavə araşdırmaya ehtiyac olmadan müəyyənləşdirməyə kömək edən müasir ultrasəs diaqnostikası alətləri ilə tanış olublar. Master-klas çərçivəsində “Philips” mütəxəssisləri premium ultrasəs sistemi EPIQ CVx ilə ürəyin exokardioqrafiyasının bir neçə dəqiqəyə keçirilməsini nümayiş etdiriblər.
Əlavə olaraq, “Philips” kardiologiya sahəsində inteqrasiya olunmuş həlləri təqdim edib. Bunlar tibb müəssisələrinə ürək-damar xəstəliklərindən ölüm hallarını azaltmağa və xərcləri optimizasiya etməyə imkan verir. Mütəxəssislər innovativ angioqrafik “Azurion” kompleksinin funksiyalarının minimal invaziv müdaxilələrin texniki nəticələrini artırmasından, beləliklə rentgenendovaskulyar cərraha böyük imkanlar verməsindən, xəstənin müalicə nəticələrini yaxınlaşdırmasından bəhs ediblər. Virtual rentgen əməliyyat otağına interaktiv turda konfrans iştirakçıları yüksək texnologiyaların tətbiqinin rahatlığını qiymətləndirmək imkanı da əldə ediblər.
Reanimasiya həllərinə həsr olunmuş sessiyada çıxış edənlər isə xəstələrə terapiya təyin edərkən rəqəmsal alətlərin və RİTŞ bölmələrində texnologiyaların tətbiqi barədə aktual məlumatları paylaşıblar.
“Azərbaycanda səhiyyə sahəsində keçirilmiş bu tədbir “Philips” üçün böyük əhəmiyyət daşıyır. Məqsədimiz regiondakı həkimlərlə birlikdə yüksəkixtisaslı diaqnostikanın və müayinənin bütün xəstələr üçün əlçatanlığını artırmaqdır. Əminik ki, müasir avadanlıqlar həkimlərə əhəmiyyətli nəticələr almağa, əhaliyə isə vaxtında, keyfiyyətli tibbi yardım əldə etməyə imkan verəcək”, – deyə “Philips” şirkətinin Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə regional direktoru Artyom Padeyski qeyd edib.