Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan "INMerge" İnnovasiya Sammiti (INMerge Innovation Summit) "Paşa Holding"in təşkilatçılığı və "Bir ekosistemi"nin sponsorluğu ilə uğurla başa çatıb. 29-30 sentyabr 2025-ci il tarixlərində baş tutan tədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan korporasiyalar, investorlar, startaplar və ekosistem oyunçularını bir araya gətirərək regional innovasiya mühiti üçün əhəmiyyətli platforma olub.
Sammitin açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış ediblər. Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni inkişaf yolları açdığını vurğulayaraq son 20 ildə Azərbaycana cəlb edilən 344 milyard dollar sərmayənin 210 milyard dollardan çoxunun qeyri-neft sektoruna yönəldiyini vurğulayıb. "Paşa Holding"in baş icraçı direktoru Cəlal Qasımov isə tədbiri Mərkəzi Avrasiyanın aparıcı innovasiya forumu adlandıraraq onun regional əhəmiyyətini qeyd edib.
5000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən artıq vençur fondun qatıldığı tədbirdə "Pixar"ın qurucusu Edvin Katmull, "OpenAI"ın keçmiş "Go-To-Market" rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna kimi qlobal liderlər panel müzakirələrində iştirak ediblər.
Qeyd edək ki, "Bir ekosistemi" sammitdə öz brendləri olan "Birbank", "Birmarket", "m10" və "Trendyol Azərbaycan"la təmsil olunub. Tədbir çərçivəsində "Bir ekosistemi"nin baş icraçı direktoru Fərid Məmmədov "Keçiddən transformasiyaya: İnnovasiya və inkişaf üçün institutlar quran liderlərin yetişdirilməsi" (From Transition to Transformation: Developing Leaders Who Build Institutions for Innovation and Growth) adlı panel müzakirəsində çıxış edib. Müzakirədə liderlərin üzləşdiyi çətinliklər və davamlı öyrənmənin zərurəti vurğulanıb. O, həmçinin "Şirkətlər liderlər yaradır, yoxsa liderlər şirkətləri formalaşdırır?" sualına toxunaraq bu münasibətin dinamik və ikitərəfli bir proses olduğunu ifadə edib.
"Birbank"ın baş icraçı direktoru Fərid Hüseynov da tədbirin ilk günündə "Bankçılıqdan daha çoxu: İnkişaf edən fintex ekosisteminin formalaşdırılması" (Beyond the bank: Growing a thriving fintech ecosystem) adlı panel müzakirəsində iştirak edib. O, bankçılığın gələcəyi, fintex ekosisteminin inkişafı və rəqəmsal transformasiyanın vacibliyi barədə dəyərli fikirlərini bölüşüb.
Tədbir iştirakçılar üçün qazanılan biliklər, fikir mübadiləsi, yeni tanışlıqlarla yadda qalıb.
"Bir ekosistemi" ölkənin aparıcı brendləri olan "Birbank", "Birmarket", "m10" və "MilliÖn" brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem "Trendyol Azərbaycan" və "BakıKart" kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, "Birmarket"də "Birbank" vasitəsilə kreditli alış-verişdən, "Trendyol Azərbaycan"da "Birbank" taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti - "Vahid giriş", "Vahid bonus", "Vahid ödəniş" və "Vahid kredit" platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.