Hər il Hindistanda təşkil olunan Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının “YCO” builki qalibi CASA-nın tələbəsi Leyla Vəliyeva olub. Olimpiadada 60-a yaxın ölkə iştirak edib. Onlardan Azərbaycan, İtaliya, Lüksemburq, İndoneziya, Portuqaliya, Özbəkistan və s. kimi ölkələr finala vəsiqə qazanıblar. Final mərhələsi Hindistanın Kolkata şəhərində təşkil olunub. Leyla bütün rəqiblərini geridə qoyaraq ölkəmizə yenidən qalibiyyət gətirib. Olimpiada zamanı Leyla yarımfinal mərhələsində - Vegeterian ana yemək və “Crepes Souffle a L' orange” hazırlayaraq finala vəsiqə qazanıb. Finalda isə tərəvəz və kartoflu qarnir ilə toyuq ətindən əsas yemək hazırlayıb. Final mərhələsində 3-cü yerə İtaliya, 2-ci yerə Nepal və Filippin və 1-ci yerə isə Azərbaycan layiq görülüb.
Qeyd etmək istərdik ki, Leyla Vəliyeva İngiltərənin “City & Guilds” təşkilatının aşpazlıq üzrə “Level 2” və “Level 3” proqramları üzrə CASA-da təhsil alıb. Eyni zamanda CASA-da “Students Society”nin səfiridir. Artıq 2-ci ildir ki, Azərbaycan ard-arda bu müsabiqəyə qoşulur və hər ikisində də qalib gəlir! Ötən ilin qalibi - tələbəmiz Emil Zeynalzadə olub. Olimpiadanın tarixində ilk dəfədir ki, bir ölkə ard-arda qalib gəlir!
Olimpiadaya hazırlıq mərhələsi CASA Kulinariya Mərkəzində keçirilib və 3 ay davam edib. Bu mərhələ Şef Kelvin Chong tərəfindən aparılıb. Şef Kelvin öz növbəsində beynəlxalq yarışlarda böyük təcrübəyə malikdir. O, öz təcrübə, bilik və bacarıqlarını hazırlıq mərhələsində Leyla ilə bölüşüb.
CASA Azərbaycanda və MDB ölkələrində İngiltərənin “City & Guilds” təşkilatı tərəfindən akkreditə olunmuş, kulinariya sahəsində beynəlxalq diplom verən ilk və yeganə kulinariya mərkəzidir. Mərkəzdə xarici ölkələrin məşhur kulinariya institutlarında təcrübəsi olan peşəkar aşpaz müəllimlər tərəfindən dərslər keçirilir. Təklif olunan proqramlar üzrə təhsil alan tələbələr dünyanın dörd bir tərəfində təşkil olunan yarışlarda iştirak edərək ölkəmizin bayrağını daima zirvələrə qaldırırlar. Kulinariya üzrə təhsil almaq və beynəlxalq yarışlarda iştirak şansı əldə etmək istəyənlər CASA Kulinariya Mərkəzinə müraciət edə bilərlər.
Eyni zamanda, CASA sizə Kulinariya üzrə ödənişsiz təhsil şansı yaradır. Bu şansdan yararlanmaq üçün CASA kulinariya çempionatında iştirak edə bilərsiniz. Çempionat bu ilin 18-19-20 Aprel tarixlərində CASA Kulinariya Mərkəzində təşkil olunacaq.