“Sirab” “Qarabağ”ın rəsmi tərəfdaşı olub.
Mayın 26-da “Sirab” brendinin futbol üzrə Azərbaycan çempionu “Qarabağ”la rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Mərasimdə “Sirab”ın icraçı direktoru Alper Yaycılı, marketinq şöbəsinin rəhbəri Esin Umut, “Qarabağ” FK-nın baş direktoru Əmrah Çəlikəl, komandanın marketinq departamentinin rəhbəri Yusif Cəfərov iştirak ediblər.
Əvvəlcə rəsmi tərəfdaşlıq barədə müqavilə imzalanıb. Müqaviləni “Sirab” şirkətinin icraçı direktoru Alper Yaycılı və “Qarabağ” FK-nın baş direktoru Əmrah Çəlikəl imzalayıblar.
İmza mərasimində “Sirab” şirkətinin icraçı direktoru Alper Yaycılı tərəfdaşlıqdan qürur duyduqlarını bildirib: “Qarabağ” Azərbaycan idmanının ən öndə komandalarından biridir. Bu klub ölkəni Avropa meydanlarında layiqincə təmsil edir, milyonlarla insana sevinc və qürur bəxş edir. “Sirab” olaraq daim ölkə idmanına dəstək olmağa çalışırıq. 2018-ci ildən “Qarabağ” FK ilə əməkdaşlığımız var. Bu gündən etibarən isə həm də rəsmi tərəfdaş olaraq çalışacağıq.
“Qarabağ” kimi titullu və böyük komandayla əməkdaşlıqdan qürur duyuruq. “Sirab” və “Qarabağ” ayrı-ayrılıqda öz sahəsinin çempionudur. Bu gün iki çempionun tərəfdaşlığı rəsmiləşdi”.
“Sirab” rəsmisi müqavilənin 1 il müddətinə nəzərdə tutulduğunu, amma gələcəkdə artırılma ehtimalının yüksək olduğunu söyləyib.
“Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl tərəfdaşlıqdan məmnun olduqlarını bildirib: “Biz “Sirab” suları ilə 2018-ci ildən əməkdaşlıq edirik. Klub olaraq sədaqət və mənəviyyata böyük üstünlük veririk. Öncələr başqa sular da alırdıq. Amma məmnun qalmırdıq. Hətta çarter reysi ilə səfərə çıxanda özümüzlə “Sirab” suları aparırıq. Bu üzdən bu şirkətin üzərində dayandıq. Tərəfdaşlıqdan məmnunuq”.
Qeyd edək ki, 70 ildən çox yaşı olan “Sirab” mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Dünya standartlarına cavab verən “Sirab” mineral suyu bir çox xarici ölkələrdə yüksək mükafatlara layiq görülüb.