Koronavirusa qarşı mübarizədə və onun qarşısını almaq istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə çox mühüm qərarlar qəbul edilib və bununla bağlı çoxsaylı işlər həyata keçirilməkdədir.
Bu məqsədlə Nazirlər Kabineti yanında operativ qərargah da yaradılıb.
Koronavirusla mübarizə ümummilli məsələdir. Ümummilli məsələni də dövlətimizə dəstək göstərməklə birlikdə həll etməliyik. Bunun üçün dövlətimiz əlindən gələni edir və operativ həyata keçirilən tədbirlər göz qabağındadır.
Biz sahibkarlar da əlimizdən gələni etməliyik. Bunu nəzərə alaraq dövlət başçısının fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Mətanət A” şirkəti olaraq ilkin mərhələdə 50000 (əlli min) manat vəsait ayrılıb.
“Mətanət A” şirkəti bütün sahibkarları və eləcə də, tikinti və tikinti materiallarının istehsalçılarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ciddi şəkildə və operativ olaraq dəstək göstərməyə çağırır.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında operativ qərargahın göstərişlərini əməl etməklə və dövlətimizə dəstək göstərməklə, bu ümummilli bəlaya qalib gələcəyik!