Astana şəhərində yerləşən Qazaxıstanın "Nazarbayev Universit"y (NU) "Times Higher Education World University Rankings 2027" reytinqində təmsil olunan MDB universitetləri arasında ilk dəfə birinci yeri tutub. Bu, azərbaycanlı tələbələrə beynəlxalq standartlara uyğun ingilisdilli təhsil, müasir tədqiqat avadanlıqları və maliyyə dəstəyi imkanları yaradır.
Universitetin məlumatına görə, məzunların məşğulluq səviyyəsi 95 faizdən çoxdur. Onlar Qazaxıstanda və xaricdə, o cümlədən "Google", "Microsoft", "Amazon" və "Meta" kimi şirkətlərdə çalışırlar. Tədqiqat təcrübəsi və beynəlxalq mühit onların rəqabət qabiliyyətini artırır. Bir çoxu təhsilini xaricdə davam etdirir, NU məzunları "Ayvi Liqası" universitetlərinə, "Stanford University", "Massachusetts Institute of Technology" (MIT), "University of Oxford" və digər aparıcı ali məktəblərə təqaüdlə qəbul olunurlar.
NU tələbə və məzunları texnoloji layihələr də hazırlayırlar. Universitet sahibkarlıq təşəbbüslərini dəstəkləyir. NU ilə əlaqəli 18 startap "Stanford University" icmasının yaratdığı StartX akselerasiya proqramından keçib. Onlardan biri bazar dəyəri 5.4 milyard ABŞ dolları olan Qazaxıstanın ilk texnoloji "unikornu" "Higgsfield AI"dır. Universitetə görə, komandasının 90 faizini NU tələbələri və məzunları təşkil edir.
Bir il əvvəl MDB universitetləri arasında dördüncü olan NU "THE World University Rankings 2027"də reytinqə daxil edilmiş birlik universitetləri arasında birinci yerə yüksəlib, Qazaxıstan, Mərkəzi Asiya və Qafqaz üzrə liderliyini qoruyub. Tədqiqat universitetləri reytinqində 376-400-cü yerlər arasında qərarlaşaraq iki dövr ərzində 200 pillə irəliləyib. NU Moskva Fizika-Texnika İnstitutunu (401-450), N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetini (551-600), Moskva Ali İqtisadiyyat Məktəbini (601-650), Azərbaycan Dövlət İqtisad Universitetini (701-800), Bakı Dövlət Universitetini (1601-1800) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (1801-2000) qabaqlayıb. Bu il reytinqdə MDB-dən 97, Qazaxıstandan 10, Azərbaycandan 5 universitet təmsil olunub.
NU təhsili tədqiqat və beynəlxalq əməkdaşlıqla birləşdirir. Tərəfdaşları arasında "King's College London", "University of Bath", "National University of Singapore" və "Tsinghua University" var. Əməkdaşlıq ikili diplom, mübadilə və birgə tədqiqatları əhatə edir. "SOAS University of London"la "MA in Global Affairs and Eurasian Studies" magistr proqramı London və Astanada keçirilir, proqram geosiyasəti, beynəlxalq təhlükəsizliyi, energetikanı və qlobal siyasi prosesləri əhatə edir. HKUST ilə "Business Administration in Eurasian Business" bakalavr proqramında tələbələr iki il Astanada, iki il Honkonqda oxuyurlar.
Bu il NU-da Kompüter Elmləri və Süni İntellekt Məktəbi (SCAI) açılıb. Yeni proqramlara "Hong Kong Polytechnic University" (PolyU) ilə süni intellekt üzrə bakalavr təhsili, "AI for X PhD" proqramı və kibertəhlükəsizlik magistraturası daxildir. NU və "Tsinghua University Asian Universities Alliance" üzvləridir.
NU kampusunda tədris binaları, laboratoriyalar, kitabxana, idman obyektləri və yataqxanalar yerləşir. Kampus təhsili elmi fəaliyyət, idman və təşəbbüslərlə uzlaşdırmağa imkan verir.
Xarici abituriyentlər, o cümlədən azərbaycanlılar üçün maliyyə dəstəyi imkanları mövcuddur. Bunlardan biri "Abay" proqramıdır. Təhsil proqramları, qəbul şərtləri, təqaüdlər və sənəd qəbulu barədə məlumat NU-nun rəsmi resurslarında verilir. 2027-2028-ci tədris ili üçün ərizə qəbulu 12 oktyabr 2026-cı ildə başlayıb.
*M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) "THE World University Rankings 2027" reytinqində təmsil olunmayıb.





