Noyabr ayının 27-də "mygov" platformasının iki milyon istifadəçiyə çatması ilə bağlı geniş təqdimat tədbiri baş tutub. Tədbir çərçivəsində platformanın inkişaf dinamikası, rəqəmsal xidmətlərin genişləndirilməsi və növbəti mərhələdə nəzərdə tutulan yeniliklər təqdim olunub.
"mygov" platforması qısa müddət ərzində iki milyon vətəndaşın seçiminə çevrilərək, rəqəmsal xidmətlərə olan yüksək etimadı və güclü tələbi nümayiş etdirib. Bu göstərici dövlət xidmətlərinə əlçatanlığın və şəffaflığın artırılması istiqamətində atılan addımların real nəticəsidir. Qarşıdakı mərhələdə də vətəndaşların gözləntilərinə uyğun olaraq innovativ, rahat və effektiv həllər təqdim etməyə davam edəcəyik", - tədbirdə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov açılış nitqi ilə çıxış edib.
İRİA-nın Rəqəmsal məhsulların inkişafı departamentinin müdiri Emil Rüstəmov "mygov" platformasının əldə etdiyi nəticələr və inkişaf perspektivləri ilə bağlı ətraflı təqdimat nümayiş etdirib.
Tədbir çərçivəsində platformanın iki milyonuncu istifadəçisi Bəsti Ağamalızadə xüsusi təltif olunaraq təbrik edilib. Rəqəmsal xidmətlərdən səmərəli faydalanmaq, gündəlik işləri rahatlaşdırmaq, vaxt və resurslarına qənaət etmək məqsədilə platformadan fəal istifadəyə çağırılıb.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayına olan göstəricilərə əsasən "mygov"da istifadəçilərin sayı iki milyon nəfəri ötüb. Cari ildə platformadan bir milyondan çox vətəndaş qeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Platformadan mütəmadi istifadə edən, davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdən yararlanan aktiv istifadəçilərin sayı 800 min nəfərdir. Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət mövcuddur.