Son günlər sosial şəbəkələrdə görüntüləri yayılan “Zəfər” saatı maraqlı müzakirələrə yol açıb. Bu saatın hazırlanması, üzərindəki ornamentlər və özündə topladığı məzmun hər kəsi heyrətləndirib.


Məhdud sayda istehsal edilən həmin saatın dizayneri eksklüziv olaraq Oxu.Az-ın suallarını cavablandırıb.

Oxu.Az “Zəfər” saatının dizayneri, ideya müəllifi, “Element” şirkətinin həmtəsisçilərindən olan Adəm Yunisovla müsahibəni təqdim edir:

- Adəm bəy, necə oldu ki, belə bir saat dizayn etmək qərarına gəldiniz?
- Ümumiyyətlə hər birimiz üçün Qarabağ mövzusu çox önəmlidir və hər zaman aktual olub. Birinci Qarabağ müharibəsi dövründə biz uşaq olsaq da, onun kölgəsində böyümüşük. Vətən müharibəsi isə bizim üçün yeni bir başlanğıc oldu. Mən dizaynerəm və daim bu istiqamətdə təkrarolunmaz layihələr düşünürdüm. Elə bu fikirlərimiz iş adamı Toğrul Rüstəmovun fikirləşdiyi layihə ilə üst-üstə düşdü. O da Qarabağ ilə bağlı maraqlı bir layihə həyata keçirmək istədi. Məqsəd ticarət deyil, tarixdə qalacaq və təkrarsız bir iş ortaya qoymaq idi.

Məqsədimiz üst-üstə düşdüyü üçün birlikdə çalışmağa qərar verdik. Toğrul Rüstəmov bu işdə bizi sərbəst qoydu.

- Layihə üzərində nə zaman çalışmağa başladınız?
- Hələ 2020-ci ildə bu iş üzərində çalışmağa başladıq.

- Bəs nə üçün məhz saat olaraq düşündünüz?
- Bilirsiniz ki, zaman çox mühüm rol oynadı Qarabağ məsələsində. Biz 30 ilə yaxın müddətdə Qarabağın qayıdışını gözləmişik. Ona görə bu məsələdə zaman anlayışı xüsusi mesaj verdiyi üçün qərar gəldik ki, kompozisiyanı saat üzərində quraq.
- Saat üzərində işlənən ornamentlər haradan götürülüb?

- Əslində biz bu işin incəlikləri üçün Qarabağ xalçalarından yola çıxdıq. Tamamilə Qarabağa həsr olunsun deyə bir il bu sahədə araşdırma apardıq. Hətta saatın yanında təmiz ipəkdən, üzərində eyni ornamentlərdən ilhamlanaraq hazırladığımız xüsusi işləmələrlə kiçik cib dəsmalı var. Biz əslində Qarabağ xalçasından yola çıxaraq yeni bir “Qarabağ” brendini yaratdıq.

Qarabağ xalçalarının üzərindəki çeşnilər bizə sanki qum saatını xatırlatdı. Bu motivlər bizim həmin çeşnilərdən yola çıxaraq yeni brend yaratmağımıza şərait yaratdı.
-“Zəfər” saatının özündə gizlədiyi mesajlardan danışmaq istərdim. İlk baxışda əqrəblərin üçrəngli Azərbaycan bayrağı rənginə boyandığı diqqət çəkir.
- Bəli, saatın əqrəbləri Azərbaycan Bayrağını özündə ehtiva edir. Eyni zamanda biz saatın içərisində “Qarabağ is Azerbaijan” sözünü eləcə deyil, xüsusi qaydada həkk etdik. Saatın rəqəmlərini biz ingilis dilində “Azerbaijan” sözü ilə qeyd etdik. Geriyə iki – 10 və 11 rəqəmləri hərfsiz qaldı. Bunu isə Şuşanın alınma tarixi 10 noyabr, yəni qələbə tarixi kimi simvolizə etmək üçün saxladıq.

Əslində saatın içərisində bütün mesajlar var. Saat birbaşa “Qarabağ is Azerbaijan” 10. 11. 2020” mesajı üzərində fokuslanıb. Layihəyə 2020-ci ildə başladıq və 2021-ci ildə bitirdik. Lakin tarixi dəyişmədik və bu da kompozisiyanı tamamladı. Eyni zamanda diqqət etsəniz əqrəbləri birləşdirən hissədə Azərbaycan Respublikasının xəritəsi həkk olunub.

Saatın dəri kəməri üzərində Qarabağ ornamentləri işlənilib. Hər saatın üzərində özünün nömrəsi qeyd edilib. Özündə bu qədər mesajı birləşdirən “Zəfər” saatının təqdimatı da özünəməxsusdur. Saatın qutusu muzeydə xüsusi şəkildə qorunan bir eksponatı xatırladır. Bu qutu özü də qoz ağacından hazırlanıb və əl işidir.

Hazırda çəkilişini etdiyiniz əl işi “Zəfər” saatının 39 nömrəli nüsxəsidir. Saatın bu sayı çox məşhur oldu (gülür). Saatı bənzərsiz edən daha başqa bir məqam isə onun məhdud sayda istehsal edilməsi və yenidən istehsal edilməyəcəyidir. Saata 5 il zəmanət verilir.
- Bəs “Zəfər” saatından neçə ədəd istehsal edilib?

- Bu saat İsveçrədə istehsal edilib. Ondan cəmi 279 ədəd istehsal edilib. Bu rəqəm də təsadüfi deyil. Bu rəqəm Vətən müharibəsinin başladığı günü sentyabrın 27-ni simvolizə edir. Bu bizim üçün mənəviyyatdır, nəinki ticarət.
- Bu layihə üçün nə qədər eskiz içərisindən məhz bu seçildi və “Zəfər” saatı adlandırıldı?
- Sizə deyim ki, yaxşı ideya bir anda gəlir. Onu çox düşünürsən, amma bir anda ağlına gəlir. Mən və mənim komandam olan “Element” şirkətinin əməkdaşları ilə birlikdə elə ilk ideyamızı sahibkara yəni, Toğrul Rüstəmova təqdim etdik. O da bəyəndi və dərhal istehsala başlanıldı.

- Belə görürəm ki, saat bəylər üçün nəzərdə tutulub. Bəs bu layihənin xanımlar üçün olanı istehsal olunacaqmı?
- Belə deyim ki, saat ümumiyyətlə daha çox kişilərin üstünlük verdiyi aksesuardır. Şükürlər olsun ki, xanımlar üçün aksesuar seçimi, çeşidləri kifayət qədər çoxdur (gülür). Ona görə düşündük ki, bəylər üçün nəzərdə tutulsun. Amma ilk baxışda çox incə və hər iki cinsin nümayəndəsi üçün istifadəyə yararlı görünür. Lakin, dediyim kimi biz bununla yanaşı “Qarabağ” brendi yaratdıq. Bu brend altında gələcəkdə simvolik olaraq yenə məhdud sayda xanımlar üçün saatlar, Qarabağ ornamentləri olan kəlağayıların istehsalı nəzərdə tutulur.

- Məncə hər kəsə maraqlı olar ki, saatın ilk nömrəsi yəni, 1 nömrəli “Zəfər” saatının sahibi kimdir?

- Çox maraqlı sualdır, amma cavab ondan da maraqlı olacaq. “Zəfər” saatının 1 və 279 saylı nüsxələri satışa qoyulmayıb. Demək olar ki, saat istehsaldan çıxana qədər yarıdan çoxu artıq sifariş edilmişdi. Ticari tərəfi ilə mən çox maraqlanmadığım üçün dəqiq bilmirəm, amma demək olar ki, nüsxələrin yarıdan çoxu artıq sahiblərini tapıb. 1 və 279 saylı saatlar isə son hərrac yolu ilə satılacaq. Bu layihəyə daha da maraq qatmaq məqsədilə həyata keçiriləcək.
- Xüsusi olaraq hədiyyə etdiyiniz və ya sifariş edilən nömrə varmı?

- Sifariş edilən deməzdim, amma bizim xüsusilə hədiyyə etdiyimiz saat var. Bu 29 nömrəli “Zəfər” saatıdır. Biz bu saatı Səlcuq Bayraktara hədiyyə etdik. Onun da səbəbi Vətən müharibəsi zamanı Baytarktarın ilk səmaya uçuş tarixini simvolizə etməsidir.
- “Qarabağ” brendinin növbəti layihələri varmı?


- Bəli, əlbəttə olacaq. Qarabağ brendi öz həyatına növbəti maraqlı layihələrlə davam edəcək. Lakin “Zəfər” saatının ikinci dəfə istehsalı olmayacaq. Şuşa ilə bağlı maraqlı layihələrimiz var.
- Təkrarsız “Zəfər” saatından özünüzə bir ədəd ayırmamış olmazsınız. Bilmək olar hansı nömrəli nüsxə sizindir?


- Təbii ki, bir nüsxə özümə ayırdım. Çünki bu saatların təkrarı olmayacaq, məhdud saydadır. Hər kəsin uğurlu bir rəqəmi var. Mən də uğurlu rəqəmim altında istehsal edilən “Zəfər” saatını özümə hədiyyə etdim. Təşəkkür edirəm ki, sahibkar Toğrul Rüstəmov da buna etiraz etmədi.


"Zəfər" saatı ilə maraqlanan və əldə etmək istəyən şəxslər buradan daha ətraflı məlumat ala bilərlər.

Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev