Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə SAVALAN şərablarının təqdimatı baş tutub.
İspaniya şərab istehsalına görə dünyanın ən qabaqcıl ölkələrindən biri hesab olunur. Məhz belə bir ölkədə Savalan şərablarının yerli ispan şərabları ilə müqayisəli dequstasiyası böyük əhəmiyyət kəsb edir.
Madrid Rioxa Mərkəzində keçirilən təqdimat mərasimində İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli media, habelə İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin nümayəndələri iştirak ediblər.
Qonaqlar arasında dünyanın ən tanınmış futbol klublarından biri olan “Atletiko Madrid”in prezidenti Enrique Cerezo də olub. SAVALAN şərablarını çox bəyəndiyini vurğulayan cənab Cerezo Azərbaycan şərablarının keyfiyyət baxımından Avropa şərablarından geri qalmadığını qeyd edib.
Öz növbəsində SAVALAN şərablarının istehsalçısı “ASPI Winery” şirkətinin Baş İcraçı direktoru Fuad Seyidəliyev öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Madrid Rioxa Mərkəzinin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu qeyd edib. O vurğulayıb ki, SAVALAN şərablarının İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə müqayisəli dequstasiya olunması onu göstərir ki, SAVALAN şərabları artıq Avropa şərabları ilə ciddi rəqabət aparır və tezliklə dünya bazarında öz layiqli yerini tutacaqdır.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Azərbaycanın qədim şərabçılıq ənənələrinə malik olduğunu, ölkəmizdə şərabçılığın prioritet sahələrdən biri olduğunu qeyd edərək, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan şərabçılıq mədəniyyətinin şöhrətinin bərpa edildiyini və onların dünya bazarında layiqli yer tutmasına əsas yaratdığını vurğulayıb.
Qeyd olunub ki, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın qəbulu nəticəsində Azərbaycanda şərabçılığın inkişafı böyük vüsət alıb, “milli brend” adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqi, digər ölkələrdə Azərbaycan şərab evlərinin açılması uğurla həyata keçirilir.
Şərablarımız xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilib.