Xəzər bölgəsinin aparıcı hava yükdaşımaları şirkəti olan Silk Way West Airlines “Dubai Airshow 2021” sərgisi çərçivəsində donanmanın yenilənməsi məqsədilə Rolls-Royce ilə strateji müqavilə imzalayıb.
Silk Way West Airlines şirkətinin RB211-524 mühərrikli beş Boeing 747-400F təyyarəsi üçün əvəzedici mühərriklər təchiz edəcək müqavilə, eyni zamanda, aviaşirkətin 2026-cı ilədək əməliyyat dayanıqlılığını, habelə donanmanın yenilənməsi proqramının bir hissəsini təmin edəcəkdir. Razılaşmaya əsasən, Silk Way West Airlines növbəti beş il ərzində mühərrik istismar müddətinin ən az 20 000 uçuş dövrü ilə təmin ediləcəkdir.
2017-ci ildən etibarən Silk Way West Airlines Boeing 747-400F aviaparkına texniki xidmət göstərən Rolls-Royce aviaşirkətlə əməkdaşlıq edir. Tərəflərin imzaladığı ilkin razılaşma bir sıra xidmətlər vasitəsilə hava yükdaşımaları şirkətində mühərriklərin qüsursuz çalışmasını nəzərdə tuturdu.
İmzalama mərasimində çıxış edən Silk Way Group-un prezidenti Zaur Axundov Rolls-Royce ilə əlaqələrin əhəmiyyətini qeyd edib:
“Rolls-Royce ilə uzunmüddətli əməkdaşlığımızı uğurla davam etdirməkdən böyük şərəf duyuruq. Qlobal tərəfdaşlarımızdan biri ilə sıx münasibətlərin bir hissəsi kimi bu sazişin imzalanması ikitərəfli münasibətlərimizin tarixində yeni mərhələdir. Bunun sayəsində, Silk Way West Airlines planlaşdırılmış donanma yenilənməsi ilə bağlı biznes strategiyasını uğurla həyata keçirə biləcək”.
Öz növbəsində, Rolls-Royce Civil Aerospace şirkətinin prezidenti Kris Kolerton Silk Way West Airlines ilə imzalanmış müqavilədən məmnunluğunu ifadə edib:
“Mövcud mühərriklərdən Silk Way West Airlines donanmasının saxlanması üçün sərfəli istifadə aviaşirkətin 2026-cı ilədək olan əməliyyatlarının dəstəklənməsi baxımından səmərəli və məntiqli həll yoludur. Silk Way West Airlines ilə işləməyə davam etməyi və gələcəkdə əlaqələrimizin möhkəmləndirilməsini səbrsizliklə gözləyirik”.