Mayın 12si ABŞ-nin paytaxtı Vaşinqton şəhərində ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə “Xəzər dənizin bioloji müxtəlifliyinin qorunması: çağırışlar və tədbirlər” mövzusunda konfrans keçirilib. Konfransda ABŞ Hökumətinin Kommersiya Departamenti, Kənd Təsərrüfatı Departamenti, Vəhşi Təbiət və Balıqçılıq Xidməti, Amerika Akvaponika Assosiasiyasının, müxtəlif ictimai təşkilatların nümayəndələri və yerli sahibkarlar, eyni zamanda Azərbaycandan gəlmiş “Azerbaijan Fish Farm” MMC şirkəti, “NərəMİZ” MMC şirkəti və Azərbaycanın ABŞ-dəki Səfirliyinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər Dənizinin unikal ekofaunası haqqında, həmçinin onun qarşılaşdığı çətinliklər və onların potensial həll yollarına dair fikir mübadiləsi aparılıb. Xüsusi diqqətçəkən mövzulardan biri Xəzər nərə balığı və qızılbalığının qorunması və populyasiyasının artırılması istiqamətində tədbirlərin əhəmiyyəti haqqında da müzakirələr aparılıb. Belə ki, ölkəmizdə bu istiqamətdə son zamanlar geniş fəaliyyət həyata keçirilir, hər mövsüm Xəzər dənizinə onminlərlə nərə sürfəsi buraxılır və qanunsuz balıqçılığı qarşısının alınması üçün tədbirlər görülür. Bu istiqamətdə fərdi sahibkarların rolu da xüsusi vurğulanıb.
Qeyd edilib ki, ölkəmizdə istehsal edilən və bu ildən ABŞ bazarına ixrac edilən “Baku Caviar” brendli qara kürü məhsulunun əsas missiyalarından biri “hər satılan qablaşdırma üçün on nərə balığı dənizə buraxılsın” olmuşdur ki, bu da ekoloji məsuliyyətli biznes fəaliyyətinin ən bariz nümunəsidir.
Bu unikal yanaşma güclü zəncir reaksiyası effekti yaradaraq hər satınalmanın təsirini artırır. “Azerbaijan Fish Farm”ın məhsullarını seçən hər bir alıcı Xəzər dənizində nərə balıqlarının populyasiyasının bərpasında bilavasitə fəal iştirak etmiş və bu nadir növün dirçəldilməsinə töhfə vermiş olur.
Akvakultura təsərrüfatları ekosistemlərin və təbiətin mühafizəsində, eləcə də balıq növlərinin qorunması üzrə beynəlxalq səylər baxımından mühüm vasitəyə çevrilib. Dayanıqlı təcrübələri, genetik müxtəlifliyin qorunmasına köklənməsi və açıq dənizdə yaşayan populyasiyalar üzərində təzyiqi azaltması sayəsində bu təsərrüfatlar nərə balıqlarının populyasiyalarının bərpasına və mühafizəsinə fəal töhfə verir. Nərə balığı təsərrüfatları təkcə kommersiya əhəmiyyətinə görə deyil, həm də təbiətin mühafizəsinə və balıq populyasiyalarının uzunmüddətli davamlılığına güclü təsir göstərdiyinə görə qiymətlidir.
Tədbir zamanı son zamanlar bəşəriyyətin ən ciddi problemlərindən birinə çevrilən su qıtlığının yaratdığı problemlərin həlli istiqamətində də maraqlı təqdimatlar edilib. Amerika Akvaponika Assosiasiyasının sədri Coşua Duşi tərəfindən balıqçılıq və tərəvəzçilik elementlərini özündə birləşdirən akvaponika sistemlərinin üstünlükləri və əhəmiyyəti haqqında geniş məruzə edilib.