Polşalı uzun məsafə üzgüçüsü Bartlomey Kubkovski Baltik dənizini üzərək keçib. O, təxminən 55 saat ərzində 160 kilometr məsafə qət edib.
Oxu.Az xəbər verir ki, bu barədə meduza.io məlumat yayıb.
Kubkovski iyulun 31-də İsveç sahillərindən start götürüb. O, avqustun 2-də axşam saatlarında Polşanın Dzivnuv şəhərinin çimərliyinə çatıb.
Üzgüçü bütün bu müddət ərzində onu müşayiət edən qayığa toxunmayıb, istirahət etməyib və yatmayıb. Qida isə ona qayıqdan xüsusi boru vasitəsilə çatdırılıb. Bu, Kubkovskinin Baltik dənizini keçmək üçün beşinci cəhdi olub və ilk dəfə uğurla nəticələnib.
Kubkovskinin "Ultra Baltic Swim" layihəsi çərçivəsində həyata keçirdiyi bu üzgüçülük marafonu "Cancer Fighters" fondunun himayəsində olan şəxslərə həsr olunub. Layihə çərçivəsində onlar üçün ianələr toplanıb.
Qeyd edək ki, Kubkovskidən əvvəl Baltik dənizini daha qısa marşrut üzrə başqa bir polşalı üzgüçü Sebastyan Karaş keçib. O, 2017-ci ildə Polşanın Kolobjeq sahil şəhəri ilə Danimarkanın Bornholm adası arasındakı 100 kilometrlik məsafəni 28 saat 30 dəqiqəyə qət edib.