Berlindən Milana uçan "Ryanair" aviaşirkətinə məxsus təyyarə Almaniyanın cənubunda baş verən şiddətli fırtına səbəbindən Memmingen şəhərində təcili eniş edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Euronews" nəşri məlumat verib.
Məlumata görə, 179 sərnişin və altı ekipaj üzvü ilə Berlindən-Milan reysini həyata keçirən təyyarə turbulentliyə məruz qalıb. Turbulentlik o qədər güclü olub ki, pilot Bavariyadakı Memmingen hava limanına planlaşdırılmamış eniş etməyə məcbur olub.
Güclü turbulentlik nəticəsində 8 sərnişin və bir ekipaj üzvü olmaqla 9 nəfər xəsarət alıb.
Üç nəfər xəstəxanaya yerləşdirilib, yaralıların qalan hissəsi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Səlahiyyətli orqanlar təyyarənin uçuşunu davam etdirməsinə icazə verməyib, aviaşirkət sərnişinlərin avtobusla aparılmasının təşkil edib.