Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ABŞ-nin Tennessi ştatında amerikalı jurnalist Kendis Ouensə qarşı yeni məhkəmə iddiası qaldırıblar. Ouens Bricit Makronun kişi kimi doğulduğunu iddia edib.
Oxu.Az AFP-yə istinadən xəbər verir ki, təxminən 400 səhifəlik iddia ərizəsində Ouensin Makron cütlüyü tərəfindən yalan hesab edilən 88 iddiası yer alıb.
Ouens də yeni iddianın qaldırıldığını təsdiqləyib.
"Qorxuram ki, bu, həqiqətə uyğundur. Makron cütlüyü doğrudan da mənə qarşı yeni ittiham paketi təqdim edib", - deyə K.Ouens "X" hesabında yazıb.
Məlumata görə, Emmanuel və Bricit Makron Ouensi müstəqil platformasını tanıtmaq, şöhrət qazanmaq və gəlir əldə etmək məqsədilə yalan məlumat yaymaqda ittiham ediblər. Onların sözlərinə görə, Ouens 2025-ci ilin yayında ilk məhkəmə iddiası qaldırıldıqdan sonra da bu məlumatları yaymağa davam edib.
Qeyd edək ki, Kendis Ouens ABŞ-də mühafizəkar dairələrin nümayəndəsi və populyar podkastın aparıcısıdır. Onun "YouTube" kanalının altı milyondan çox abunəçisi var. Ouens 2024-cü ilin martından bəri Bricit Makronun kişi kimi doğulduğunu dəfələrlə iddia edib. Fransa Prezidenti və həyat yoldaşı daha əvvəl Ouensin iddialarını təkzib edən dəlilləri məhkəməyə təqdim etməyi planlaşdırıblar.