ABŞ-ın Alabama ştatının Li rayonunda tornadolar bir neçə uşaq daxil olmaqla, 22 nəfərin həyatına son qoyub.
Bu barədə BBC məlumat yayıb.
Burulğan onlarla evi və tikilini dağıdıb. Fəlakət zonasına səfərbər olunan xilasedicilər dağıntılar altında başqa qurbanların olduğunu istisna etmir.
Alabama ştatının qubernatoru Key Ayvi öz “Twitter” səhifəsində vətəndaşları bundan da ekstremal hava şəraitinə hazır olmağa çağırıb.
ABŞ-ın Milli Hava Xidməti ştat ərazisində formalaşan ilk tornadoya təsnifat üzrə “EF-3” kateqoriyasını verib. Bu, o anlama gəlir ki, burulğanın maksimal sürəti saatda 266 km/saata çatıb.
İlk tornadonun səbəb olduğu dağıntıların yarım kilometrə qədər uzandığı bildirilir. Bundan başqa, yüksək gərginlikli naqillərin sıradan çıxmasına görə 10 minə yaxın sakinin işıqsız qaldığı bildirilir.