Amerikanın Orlando şəhərində (Florida ştatı) gecə klubuna silahlı basqın etməkdə şübhəli bilinən şəxsin atası Seddik Mətin NBC telekanalının efirində oğlu Ömər Mətinin yerinə üzr istəyib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Onun sözlərinə əsasən, baş verənlərin dinlə heç bir əlaqəsi yoxdur. Lakin o etiraf edib ki, cinayətin səbəbi qeyri-ənənəvi seksual yönümlülərə nifrət ola bilər.
S.Mətin qeyd edib ki, oğlu bir dəfə iki kişinin öpüşdüyünü görəndə özündən çıxmışdı. Atışmanın baş verdiyi Pulse klubuna əsasən seksual azlıqların nümayəndələri gəlirlər.
19:14
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.
Oxu.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Orlando meri Baddi Dayer açıqlayıb.
B.Dayer bildirib ki, terror aktı nəticəsində 20 nəfər yox, 50 nəfər ölüb.
15:50
ABŞ-ın Orlando şəhərindəki gecə klublarından birində baş verən atışma zamanı 20 nəfər həyatını itirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Orlandonun polis şefi Con Mina keçirdiyi mətbuat konfransında məlumat verib.
“42 nəfər xəstəxanaya yerləşdirilib və təqribən 20 nəfər klubda ölüb”, — deyə Mina yerli telekanallarla yayımlanan mətbuat konfransında bildirib.
15:19
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubuna silahlı basqın olub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs gecə klubuna girərək insanları girov götürüb.
Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxsi zərərsizləşdirə biliblər.
Şahidlər verdiyi məlumata əsasən, atışma zamanı ən azı 25 nəfər yaralanıb.