ABŞ-nin Cənubi Karolina ştatında polis əməkdaşları və könüllülər it qəfəsində diri-diri torpağa basdırılmış 11 aylıq körpəni bir sutka ərzində tapıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə NBC telekanalı xəbər yayıb.
Məlumata əsasən, uşaq 25 yaşlı atası Maykl Komer tərəfindən yaşadığı evdən oğurlanıb. Körpənin valideynləri boşanıblar. Hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra Komer oğlunun harada olduğu barədə dəqiq bir söz deyə bilməyib.
Axtarış qrupu şübhəlinin atasının evinə yollanıb və orada yeni qazılmış torpaq sahəsi görüb. Torpağın altından gələn uşaq səsini eşidən xilasedicilər qazıntı nəticəsində içərisində ağlayan körpə olan it qəfəsini aşkar ediblər.
Bir gün torpaq altında qalan azyaşlı möcüzə nəticəsində sağ qalıb. Uşaq dərhal tibb müəssisəsinə yerləşdirilib. Hazırda polis tərəfindən hadisənin bütün təfərrüatları araşdırılır.