ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) əcnəbilərin qaçqın statusu almaqla bağlı müraciətlərində saxtakarlığa qarşı mübarizə aparmaq üçün əməkdaşlarının səlahiyyətlərini genişləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.
Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının işçiləri artıq sığınacaq istəyənlərin xeyrinə qəsdən yalan məlumat təqdim edən hüquqşünasları təqib etmək imkanı əldə ediblər. Bundan əlavə, nazirlik bu sahədə fırıldaqçılıq sisteminin iştirakçılarının məhkəmədənkənar təqibi üçün imkanları da artırıb. Bəyanatda vurğulanır ki, qurum ABŞ-də sığınacaq verilməsinin müntəzəm deyil, yalnız müstəsna hal olmasına çalışır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə açıq şəkildə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. O, andiçmə mərasimindən dərhal sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Ağ Ev lideri Birləşmiş Ştatlar tarixində ən genişmiqyaslı qanunsuz miqrantların deportasiyası əməliyyatını həyata keçirməyi nəzərdə tutduğunu bəyan edib.