ABŞ-də Cənubi Kaliforniyanın Simi-Velli şəhərində ağ rəngli "Tesla Model X" avtomobili yüksək sürətlə səkinin üstünə çıxıb və Tyerra-Rehada-Rouddakı ticarət mərkəzində "Urbane Cafe" restoranının terasına çırpılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The People" nəşri məlumat verib.
Nəticədə, həmin vaxt kafenin yanından keçən yaşlı piyada qadın həlak olub. Hadisə yerinə gələn xilasedicilər qadını elektromobilin təkərləri altında sıxışmış vəziyyətdə tapıblar. Daha beş nəfər yüngül xəsarətlər alıb. "Tesla"nın sükanı arxasında yaşlı qadın olub. O, əlində və biləyində yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə yerindən çəkilmiş görüntülərdə qəzanın miqyası görünür: küçədəki kafenin ətrafa səpələnmiş mebeli və qapıları açıq vəziyyətdə ilişib qalmış avtomobil. İlkin versiyaya görə, faciəyə səbəb sürücünün səhlənkarlığı olub. Simi-Velli polisi ölümcül hadisə ilə bağlı araşdırmanı davam etdirir.