Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ceksonvill şəhərində 7 həftəlik övladlarını şiddətlə silkələyərək onun baş nahiyəsindən xəsarət alaraq ölməsinə səbəb olan valideynlər həbs ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Local10" nəşri məlumat yayıb.
20 yaşlı Qreysi Cay Telleslə 22 yaşlı Robert Li İnqrem uşağa qarşı laqeydlikdə və lazımi diqqət ayırmamaqda ittiham edilirlər. Bildirilir ki, valideynlər körpəni hərəkətsiz halda aşkarlamazdan bir qədər əvvəl "Call of Duty" videooyununu oynamaqla məşğul olublar.
Şübhəlilər ilk dindirmə zamanı uşağı qidalandırdıqdan sonra yerinə qoyduqlarını və bir müddət keçdikdən sonra onun hərəkətsiz qaldığını fərq etdiklərini deyiblər. Ancaq həkimlər körpənin bədənində çox sayda ağır travma - beyinin hipoksik zədəsi, gözlərdə qan sızması, torlu qişanın ayrılması və kəllə sümüyünün arxa hissəsində qırıqlar müəyyən ediblər.
Ekspertlərin rəyinə əsasən, qeyd olunan xəsarətlərin təsadüfi xarakter daşıması mümkün deyil. Bu travmalar baş nahiyəsinə küt zərbənin və bədənə qəfil tətbiq edilən kəskin gücün təsiri ilə yaranıb. Hüquq-mühafizə orqanları baş verənləri uşağın şiddətli şəkildə silkələnməsi kimi izah edir.
