ABŞ-ın Dövlət Departamenti “Twitter” hesabında “Xarici dildə ən yaxşı film” nominasiyasında Amerika Kino Akademiyasının mükafatını qazanan “Kommivoyajer” (“Satıcı”) filminin yaradıcı heyətini təbrik edib, amma bir müddət sonra təbrik ismarıcını silib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti “Reuters” agentliyinə istinadən məlumat yayıb.
Məlum olub ki, ABŞ prezidentinin bəzi ölkələrin, o cümlədən də İran vətəndaşlarının ABŞ-a girişini qadağan edən miqrasiya fərmanına etiraz olaraq “Kommivoyajer” filminin rejissoru Asqar Farhadi, eləcə də filmin yaradıcı heyətinin bütün üzvləri Los-Ancelesdəki mərasimə getməkdən imtina ediblər.
İkinci dəfə “Oskar” qazanan Fərhadini mərasimdə kosmosda olan ilk müsəlman qadın və İran nümayəndəsi Anuşe Ansari təmsil edib.
Dövlət Departamentinin @USAdarFarsi fars dilində rəsmi hesabında İran xalqının və Asqar Fərhadinin ünvanına təbrik yazılıb, bir müddət sonra təbrik ismarıcı silinib.
“Təbrik tviti dərc edilmişdi. Amma ABŞ hakimiyyətinin təşəkkür nitqində səslənən şərhləri dəstəklədiyinə dair yanlış fikrin yaranmasından qaçınmaq üçün onu sildik”, - Dövlət Departamentinin nümayəndəsi bildirib.
Ansarinin oxuduğu təşəkkür nitqində rejissor prezident Donald Trampın miqrasiya fərmanını pisləyib.
“Xarici dildə ən yaxşı film” nominasiyasında Avstraliyadan rejissorları Bentli Din və Martin Batler olan “Tanna” filmi, Danimarkadan Martin Zandvlietin “Mənim torpağım” filmi, Almaniyadan Maren Adenin “Toni Erdmani” filmi və İsveçrədən Hannes Holmun “Uvenin ikinci həyatı” filmi də təqdim edilmişdi.
N.О.
www.oxu.az