ABŞ hərbçiləri İranın cənubundakı hava limanına və körpüyə zərbələr endiriblər.
Oxu.Az bu barədə İran KİV-ə istinadən xəbər verir.
Mövcud məlumatlara əsasən, ABŞ-nin zərbələri Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərindəki hava limanına, həmçinin Hörmüzqan əyalətində yerləşən Bəndər-Xəmir şəhərindəki körpüyə endirilib.
ABŞ ordusu İrana qarşı yeni zərbələr dalğasına başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün Şərq vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00-da - red.) ABŞ qoşunları İranın hərbi potensialını daha da zəiflətmək məqsədilə ardıcıl beşinci gecə olaraq bu ölkəyə qarşı yeni zərbələr dalğasına başlayıb" , - deyə paylaşımda vurğulanır.
Öz növbəsində, "Mehr" agentliyi İranın Bəndər-Abbas və Əhvaz şəhərlərinin, həmçinin Qeşm adasının yaxınlığında bir sıra partlayış səslərinin eşidildiyi barədə məlumat yayıb. Digər təfərrüat hələlik açıqlanmır.