ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın qabaqcıl silah sistemlərini və digər materialları həm quru, həm də Xəzər dənizi vasitəsilə daşımasının qarşısını almaq məqsədilə xüsusi işçi qrupu yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib.
Qeyd olunub ki, müvafiq tapşırığı komandanlığın rəhbəri, admiral Bred Kuper verib.
Təxminən 20 mülki və hərbi qulluqçudan ibarət olacaq işçi qrupu ABŞ-nin Florida ştatının Tampa şəhərində yerləşəcək. Qrup digər ABŞ dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək. Onun əsas vəzifəsi müasir silahların, ikilitəyinatlı texnologiyaların və sanksiyalara məruz qalan materialların daşınmasının qarşısını almaq olacaq.
Bundan əlavə, qrupun fəaliyyət istiqamətlərinə qanunsuz maliyyə kanallarının müəyyənləşdirilməsi və qarşısının alınması da daxildir.