Fransa Prezidenti Emmanuel Makronun Paris yaxınlığında gizli bunkeri var. Etirazçıların Yelisey Sarayını ələ keçirməsi təhlükəsi yaranacağı təqdirdə prezidentin həmin bunkərə təxliyə oluna biləcəyi iddia edilir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti "Kölgələrin yeni ordusu" adlı yeni kitaba istinadən məlumat yayıb.
Söhbət jurnalistlər Pyer Qastino, Antuan İzambar və Frank Reno tərəfindən qələmə alınan əsərdən gedir. Müəlliflərin məlumatına görə, gizli bunker planının hazırlanmasına qismən 2018-ci ildə "sarı jiletlilər"in keçirdiyi etirazlar təkan verib.
Müəlliflərin iddiasına görə, Fransa hökuməti Marin Le Penin rəhbərlik etdiyi "Milli Birlik" partiyasının növbəti seçkidə qələbə qazanacağı təqdirdə, bunun nəticəsini qəbul etməyən şəxslərin küçə etirazlarının üçüncü dalğasına səbəb ola biləcəyindən narahatdır. Öz növbəsində, "Boyun əyməyən Fransa" partiyasının təsisçisi Jan-Lük Melanşonun qalib gəlməsi güc strukturlarında "passiv müqavimətə" yol aça bilər.
Jurnalistlər yüksəkvəzifəli mənbələrə istinadən iddia edirlər ki, Paris polisinin rəhbəri Patris For mümkün üsyanla bağlı dəfələrlə müşavirələr keçirib. Xüsusitəyinatlılar isə belə bir vəziyyətdə parlamentin müdafiəsi üçün öz qüvvələrindən istifadə imkanlarını araşdırıblar.
Yüksəkvəzifəli kəşfiyyat əməkdaşlarından biri müəlliflərlə söhbətində hələ aprel ayında Fransanın ciddi üsyanla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.