ABŞ administrasiyasının nümayəndələri Vaşinqtonun İrana məxsus 12 milyard dollarlıq dondurulmuş aktivi sərbəst buraxacağı barədə İran mediasında yayılan məlumatları təkzib ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat paylaşıb.
"Bu deyilənlər qətiyyən həqiqətə uyğun gəlmir. Bu, icraata əsaslanan bir razılaşmadır və İran tərəfi öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyənə qədər heç bir dondurulmuş vəsait blokdan çıxarılmayacaq", - deyə o, "X" platformasında bildirib.
Onun sözlərinə görə, qeyd olunan proses 60 günlük danışıqlar mərhələsi başlamadan əvvəl həyata keçirilə bilməz.
Xatırladaq ki, "Mehr" agentliyi bir müddət əvvəl mənbələrinə istinadən İranın təqribən 12 milyard dollar dəyərində olan aktivlərinin danışıqların yekun mərhələsi başlamazdan öncə sərbəst buraxılacağı barədə məlumat yaymışdı.