ABŞ silahlı qüvvələri İsrailin İran ərazisinə endirdiyi cavab zərbələrində heç bir şəkildə iştirak etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Portalın mənbələrinə görə, Birləşmiş Ştatlar İsrailin İrana qarşı cavab zərbələrini miqyasına görə "kifayət qədər məhdud" kimi qiymətləndirir. İranın əvvəlki zərbələrinə cavab olaraq, İsrail Müdafiə Ordusu (SAXAL) bu gecə İslam Respublikasının ərazisinə silsilə hücumlar təşkil edib.
SAXAL-ın mətbuat xidmətinin məlumatına əsasən, İsrailin hərbi aviasiyası İranın qərb və mərkəz bölgələrində yerləşən hərbi hədəflərə zərbələr endirib. İyunun 7-si axşam saatlarında İran yəhudi dövlətinin şimal hissəsini raket atəşinə tutub. İsrail ordusu atılan bütün raketlərin havada vurulduğunu açıqlayıb. Bu hadisə bazar günü İsrailin Beyrutun ətrafındakı "Hizbullah" obyektinə hücumundan sonra baş verib. İsrail tərəfinin məlumatına görə, bu hücum "Hizbullah" qruplaşmasının yəhudi dövlətinin şimal bölgələrini atəşə tutmasına cavab olaraq həyata keçirilib.