ABŞ rəhbərliyi İrana iqtisadi yolla təzyiq göstərməyi planlaşdırır. Bu səbəbdən Vaşinqtonun genişmiqyaslı hərbi əməliyyatları bərpa etməsi ehtimalı azdır.
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, ABŞ-nin İranla bağlı planları dünya tarixində ən böyük əlaqələndirilmiş iqtisadi təcriddən ibarətdir. Nazir əlavə edib ki, bazar ertəsi mətbuat konfransı keçirərək ABŞ-nin nə etmək niyyətində olduğunu ətraflı açıqlayacaq.
Bessentin sözlərinə görə, Vaşinqton bütün müttəfiqlərinə bu mesajı vermək niyyətindədir: "Ya siz bizimləsiniz, ya da bizə qarşısınız".
"Əgər siz İranla biznes aparmaqda - istər pul köçürmələri, istər neft alışı, istərsə də dəniz daşımaları olsun - israr etsəniz, Maliyyə Nazirliyi və ABŞ administrasiyası sizə qarşı bütün güc və qüvvəsi ilə məcburedici tədbirlər tətbiq edəcək", - deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidentİ Donald Tramp İrana qarşı güclü iqtisadi təzyiq əməliyyatına başladığını elan etmişdi.