ABŞ-nin idarə olunan nüvə raketləri daşıyan sualtı qayığı altı ildən sonra ilk dəfə Cənubi Koreyaya gəlib.
Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, 18 min ton ağırlığında olan “USS Michigan” sualtı qayığı Seuldan 320 km cənub-şərqdə yerləşən Busandakı mühüm hərbi dəniz bazasına yanaşıb. Sualtı qayığın gəlişi bir gün əvvəl Şimali Koreyanın Yapon dənizi istiqamətində iki qısa mənzilli ballistik raket atmasından sonra baş verib.
“ABŞ-nin nüvə sualtı qayığının Cənubi Koreyaya səfəri aprel ayında bağlanmış Vaşinqton Bəyannaməsində əksini tapan razılaşmanı yerinə yetirmək məqsədi daşıyır. Bu razılaşmaya əsasən, Koreya yarımadasındakı strateji obyektlərin müntəzəm görünməsini artırmaq lazımdır”, - deyə Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kim Men Su bildirib. O vurğulayıb ki, sualtı qayığın gəlişi Cənubi Koreya və ABŞ ittifaqının “güc yolu ilə sülhə” nail olmaq imkanlarını və mövqeyini nümayiş etdirir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, sualtı qayığın respublikada olduğu müddət ərzində Cənubi Koreya və ABŞ Hərbi Dəniz Qüvvələri Şimali Koreyadan gələn təhdidlərə cavab kimi əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirmək üçün birgə xüsusi əməliyyat təlimləri keçirəcəklər. Nüvə sualtı qayığın, həmçinin iki ölkənin birliyinin 70 illiyinə həsr olunmuş müxtəlif tədbirlərdə iştirak edəcəyi də gözlənilir.
Mənbə: “Yonhap”