ABŞ məhdudiyyətlərə məruz qalan Rusiya banklarının rəhbərlərinə, həmçinin Dövlət Dumasının bəzi deputatlarına qarşı yeni sanksiyalar tətbiq edəcək.
Bu barədə Ağ Evin cümə günü yaydığı yazılı bəyanatda deyilir.
Bildirilir ki, yeni sanksiyalar rusiyalı biznesmen Yuri Kovalçuk və qondarma Donetsk, eləcə də Luqansk Xalq Respublikalarının tanınması üçün qanunvericilik tədbirlərini dəstəkləyən Dövlət Dumasının deputatlarına şamil ediləcək.
Ağ Ev əlavə edib ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşları Ukraynadakı vəziyyətdən “mənfəət qazanan Rusiya elitası və onların ailələrinə” qarşı tədbir görəcək. Amerika hakimiyyəti “onları ABŞ-ın maliyyə sistemindən çıxarmaq, Birləşmiş Ştatlarda malik olduqları bütün aktivləri dondurmaq və ABŞ-a səyahətini əngəlləmək” niyyətindədir.