Adriatik dənizində, Marina-di-Ravenna (İtaliya) şəhərinin yaxınlığında iki gəminin toqquşması nəticəsində Türkiyəyə məxsus yük gəmisi batıb.
İkinci gəmi fəlakət siqnalı verib, Oxu.Az İtaliyanın RAI News 24 telekanalına istinadən xəbər verir.
Hadisə nəticəsində türk gəmisinin 2 ekipaj üzvü həlak olub, beş nəfər xilas edilib. Daha dörd nəfər itkin düşüblər.
Türkiyə və Beliz bayraqları altında üzən gəmilər Adriatik dənizində, sahildən iki mil məsafədə toqquşublar.
Hadisəyə ekipajın səhvi yaxud da pis hava şəraiti səbbə ola bilərdi. Pis havaya görə xilasetmə əməliyyatı üçün havaya qalxmış Bolonya yanğın xidmətinin helikopteri geri qayıtmalı olub.
Bundan əvvəl həmin rayonda İtaliyaya məxsus olan, Yunanıstandan bu ölkəyə səfər edən Norman Atlantic bərəsi alovlanmışdı. İnsanların xilas edilməsi üzrə əməliyyat davam edir. Son məlumatlara görə, bərədən 111 nəfər xilas edilib, qurbanlar haqqında məlumat yoxdur.