Rusiyanın "Aeroflot" aviaşirkətinin informasiya sistemində yaranmış nasazlığa görə məsuliyyəti "Silent Crow" və "Cyberpartisans" haker qrupları öz üzərinə götürüb.
Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadən məlumat yayıb.
Hakerlər bir il ərzində "Aeroflot"un "korporativ şəbəkəsində" olduqlarını bildiriblər.
Nəticədə 7 000-ə yaxın həm fiziki, həm də virtual serverin məhv edildiyi iddia edilir.
Hakerlər uçuş tarixçəsi məlumat bazalarını əldə etdiklərini, bütün kritik korporativ sistemləri ələ keçirdiklərini, idarəetmə də daxil olmaqla işçilərin şəxsi kompüterlərinə nəzarəti ələ keçirdiklərini, dinləmə serverlərindən və kadrların müşahidə və nəzarət sistemlərindən məlumatların kopyalandığını bildiriblər.
Artıq haker hücumundan sonra "Aeroflot" aviaşirkətinin informasiya sistemində yaranmış nasazlıqla bağlı kompüter məlumatlarına qeyri-qanuni girişlə bağlı cinayət işi açılıb.
Bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, prokurorluq orqanının yoxlaması əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272-ci maddəsinin dördüncü hissəsi (kompüter məlumatlarına icazəsiz daxil olma) ilə cinayət işi açılıb.
Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətinin informasiya sistemlərində nasazlıq yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Aeroflot"un Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, nasazlıq səbəbindən reyslərin cədvəlində dəyişiklik ediləcəyi barədə xəbərdarlıq edilib, uçuşlar ləğv oluna, yaxud təxirə salına bilər.
Məlumatda, həmçinin əlavə edilir ki, mütəxəssislər problemləri aradan qaldırmaq və qrafiki normallaşdırmaq üçün işləyirlər.