ABŞ-da davam edən etiraz aksiyaları fonunda Konqresə polisin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsi təqdim edilib.
Sənədi Demokratlar Partiyasından olan konqresmenlər hazırlayıb.
Eyni zamanda, ukraynalı siyasətçi, ictimai xadim, Ukrayna Ali Radasının “Həyat üçün Müxalifət Platforması”ndan olan deputatı, hüquq-mühafizə fəaliyyətinin qanunvericilik təminatı məsələləri üzrə komitənin üzvü İlya Kiva Bandera prospektinin Corc Floydun (polislər tərəfindən öldürüləndən sonra ABŞ-da iğtişaşlara səbəb olmuş afroamerikalı – red.) adına dəyişdirilməsini təklif edib.
Daha sonra İlya Kiva “Ləyaqət İnqilabı”nı (Ukraynadakı ikinci “Maydan”) başlayan bir şəxs kimi C.Floydu ABŞ-da “Səmavi yüzlüy”ə (Ukrayna xalqı “Maydan” qurbanlarını “Səmavi Yüzlük” adlandırır - red.) aid etməyə, ailəsinə isə Ukrayna büdcəsindən 10 milyon dollar ödəməyə çağırıb.
Əlbəttə, bu, özünəməxsus kinayə (alleqoriya) hesab edilə bilər. Ukraynalı deputatın ABŞ və Ukraynada baş verən hadisələr arasında bənzərliyə reaksiyası belə olub.
Media.Az-a müsahibə verən İlya Kiva bildirib ki, ABŞ və Ukraynada baş verən hadisələr arasında oxşarlıq var.
- Bir çox ekspertlər ABŞ-dakı hadisələri, xüsusilə ikinci “Maydan”la müqayisə edir.
- Bəli, burada müqayisəyə belə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Hadisələr ənənəvi qaydada inkişaf edir: destabilizasiya, qurban seçilir və onun qəhrəmanlaşdırılması həyata keçirilir. İdarə olunan xaos vəziyyəti yaranır. Cəmiyyət sosial şəbəkələr vasitəsilə hazırlanır, ardından dövlət institutlarına qarşı aqressiya başlayır. Sonra bu, çevrilişə, inqilaba, seçkilərdə sifarişçinin təyin edəcəyi şəxsin mövqeyinin gücləndirilməsinə gətirib çıxarır.

- Bəs sizin fikriniz nədir, sifarişçi kimdir? Axı MDB və digər dünya ölkələrində Qərb texnologiyalarından istifadə olunur...
- Ən maraqlısı odur ki, bu texnologiya postsovet məkanında, digər ölkələrdə hazırlanıb və sınaqdan keçirilib. Bu, əsarət altına alma və müstəmləkələrə çevirmə prosesi idi. İndi bu sxem ABŞ-da işə düşüb.
- Bəs ABŞ-dakı iğtişaşlar kimin işinə yarayır? Demokratların, yoxsa respublikaçıların?
- Əlbəttə, demokratların. Bu, 2014-cü ildə Ukraynadakı qanlı çevriliş zamanı istifadə olunan modeldir. Hər şey dəqiq və ənənəvi qaydada baş verir. Ukrayna (sabiq prezident Pyotr Poroşenkonun idarəçiliyi dövründə - red.) xarici təsir altına düşdü. Demokratlar başa düşürlər ki, noyabrda keçiriləcək prezident seçkilərində ABŞ prezidentinin uduzmaq ehtimalı böyükdür və bu səbəbdən evlərində “qumbaranı partlatmaq” qərarına gəliblər. Mən bunu məhz belə başa düşürəm.

ABŞ-da baş verən hadisələr bizim tariximizlə oxşardır. Naməlum snayperlər, qurbanlar, etirazlar. Təkrar edirəm, demokratların illərdir dünyanın müxtəlif ölkələrində çevriliş və destablizasiya üçün istifadə etdikləri mexanizm işləməkdə davam edir.