2026-cı ilin yayında müşahidə edilən anomal istilər və quraqlıq səbəbindən Almaniya iqtisadiyyatı ən azı 36 milyard avro, yəni ÜDM-in təqribən 1%-i qədər itkiyə məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Greenpeace" təşkilatının qiymətləndirməsində qeyd olunub.
Hesablamalar zamanı nəqliyyat, səhiyyə, meşə və kənd təsərrüfatına dəyən zərər, eləcə də əmək məhsuldarlığının azalması və təhsil sahəsindəki xərclər nəzərə alınıb.
Quraqlıq nəticəsində məhsuldarlığın aşağı olacağı gözlənilir, suyun səviyyəsinin azalması bəzi ərazilərdə gəmiçiliyin dayanmasına gətirib çıxarıb. Kimya, poladəritmə və neft emalı sənayeləri də zərər çəkib. On milyonlarla iş saatı itirilib.
Ən böyük zərər məhz əmək sektorunda qeydə alınıb: 25 günlük ekstremal isti hava şəraiti 10.8 milyard avro itki ilə nəticələnib. Həmçinin, meşə təsərrüfatı üzrə itkilərin 5-7.5 milyard avro, istilərlə əlaqədar xəstəlik vərəqələrinə görə yaranan xərclər isə 6.9 milyard avro təşkil edir.
"Greenpeace"dən bildirirlər ki, bu göstəricilər yalnız təxmini xarakter daşıyır. Havanın çirklənməsi və enerji sisteminə təsirləri hələlik dəqiq hesablamaq mümkün olmadığı üçün real zərərin göstəriləndən daha çox olduğu ehtimal edilir.