Almaniyanın Essen şəhərində 150 nəfərin iştirak etdiyi məclis kütləvi dava və bıçaqlanma ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, iyulun 5-nə keçən gecə Gerardet küçəsində kirayəyə götürülmüş evdə təşkil olunan məclisə təxminən 150 nəfər toplaşıb. Yerli vaxtla saat 2 radələrində (Bakı vaxtı ilə saat 4) üç Türkiyə vətəndaşı ilə bir Almaniya vətəndaşı münasibətlərinə aydınlıq gətirmək üçün küçəyə çıxıblar.
Əvvəlcə tərəflər arasında söz mübahisəsi yaranıb, daha sonra isə insident kütləvi davaya çevrilib.
İlkin məlumata görə, davanı 46 yaşlı Türkiyə vətəndaşı başladıb və bıçaqdan istifadə etməyə cəhd edib. Lakin insident zamanı özü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda polis həmin şəxsi qəsdən adamöldürməyə cəhddə şübhəli bilir.
Hadisə zamanı münaqişədə birbaşa iştirak etməyən 56 yaşlı mühafizəçi isə ürəktutması keçirərək həyatını itirib.