Almaniyanın Leypziq şəhərində avtomobilin piyadaların üstünə sürülməsi nəticəsində iki nəfər həyatını itirib, daha 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "Die Zeit" nəşri yanğınsöndürmə xidmətinə və şəhər rəhbərliyinə istinadən məlumat yayıb.
Dəhşətli hadisə Qrimmayşeştrasse küçəsində qeydə alınıb. Saksoniya polisi "X" sosial şəbəkə hesabında hadisəni törədən sürücünün 33 yaşlı Almaniya vətəndaşı olduğunu açıqlayıb.
"Radio Leipzig"in məlumatına görə, hadisə nəticəsində ümumilikdə 25 nəfər zərər çəkib ki, onlardan da ikisinin vəziyyəti ağırdır. "Berliner Zeitung" qəzeti yazır ki, prokurorluq baş vermiş insidenti qəsdən adam öldürməyə cəhd maddəsi ilə araşdırır. Cinayətin ehtimal olunan motivi kimi məişət münaqişəsi göstərilir.
Almaniyanın Leypziq şəhərinin mərkəzi hissəsində avtomobil piyadalara çırpılıb.
Oxu.Az xəbər verir ki, hadisə barədə "Radio Leipzig" radiostansiyası məlumat verib.
İnsident nəticəsində azı səkkiz nəfər xəsarət alıb. Bəzi məlumatlara görə, azı iki nəfər həyatını itirib. Əlavə olaraq, iki şəxsin ağır, daha bir neçə nəfərin isə yüngül yaralandığı bildirilir.
"Leipziger Volkszeitung" nəşri şəhərin ober-burqomistri (meri) Burxard Yunqa istinadən xəbər verir ki, polis avtomobili insanların üzərinə sürən şəxsi artıq saxlayıb. Şəhər meri iki nəfərin həlak olduğunu təsdiqləyib. O əlavə edib ki, hazırda şəhər sakinləri üçün hər hansı təhlükə yoxdur.