Almaniyanın avtomobil ehtiyat hissələri istehsal edən şirkətləri bu sektorda yaranmış böhran səbəbindən fəaliyyət istiqamətlərini dəyişərək tibb, müdafiə sənayesi və robototexnika sahələrinə yönəlirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb.
Qəzetin yazdığına əsasən, Çin istehsalı olan elektromobillərin yaratdığı güclü rəqabət fonunda tədarükçülər fərqli bazarlara üz tutmağa məcbur qalıblar. Nəticədə 2035-ci ilədək Almaniya avtomobil sənayesində 125 minə yaxın iş yerinin ləğv edilməsi planlaşdırılır.
Məqalədə qeyd olunur ki, Bavariyada yerləşən "Sembach" şirkəti artıq avtomobil hissələri əvəzinə kardiostimulyator detalları istehsalına keçib və avtomobil sektorundan gələn gəlir payını 80 faizdən 40 faizə salıb. Digər tərəfdən "Schaeffler" konserni 2035-ci ilə qədər qazancının 10 faizini yeni sahələrdən təmin etmək məqsədilə öz ixtiralarını kosmik sənaye və robotlar üçün adaptasiya edir. Eyni zamanda "Bosch" şirkəti robototexnika buraxılışını genişləndirir, "Volkswagen" isə mövcud fabriklərinin müdafiə təyinatlı istehsalda istifadəsi ilə bağlı müzakirələr aparır.
Bununla belə, nəşr qeyd edir ki, mütəxəssislər hərbi sənayedə müşahidə olunan inkişafın avtomobil bazarında yaranan zərərləri tam kompensasiya edə bilməyəcəyi barədə xəbərdarlıq edirlər.