Almaniyanın qərbində yerləşən bankda şəxsləri girov götürən silahlı hadisə yerindən qaçmağa müvəffəq olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
""Volksbank"dakı əməliyyat başa çatıb. Polis nümayəndəsinin sözlərinə görə, bank binası tam şəkildə axtarılıb. Cinayətkarı tapmaq mümkün olmayıb. Onun bankı nə vaxt tərk etdiyi məlum deyil", - nəşr yazır.
Məlumata görə, xüsusi təyinatlılar banka daxil olanda silahlı artıq orada olmayıb. Binanın içərisində yalnız iki girov tapılıb. Onlar xəsarət almayıblar və ayrıca otaqda kilidli vəziyyətdə saxlanılıblar.
Polis hesab edir ki, şübhəli şəxs artıq bankın yaxınlığında deyil. Hələlik onun xarici görünüşü ilə bağlı məlumat yoxdur. Axtarışlar davam edir.
Almaniyanın cənub-qərbindəki Sintsiq (Reynland-Pfalts federal torpağı) şəhərində polis "Volksbank" bankının filialında insanların girov götürülməsi ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat keçirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bild" qəzeti polisə istinadən məlumat verib.
Məlumata görə, xüsusi polis bölmələri və helikopterlər hadisə yerinə cəlb olunub.
Bildirilir ki, səhər saatlarında banka inkassator avtomobili gəlib. Əməkdaşlardan biri banka girmək üçün çıxıb. Daha sonra naməlum kişi onu hədələyərək içəri girməyə məcbur edib. Hücumçu və girov götürülən şəxs hazırda bankın seyfindədirlər.
"Hazırda bankın içərisində bir neçə cinayətkarın və bir neçə girovun olduğu ehtimal edilir. Girov götürülənlərdən biri inkassator avtomobilinin sürücüsüdür", - hüquq-mühafizə orqanlarından bildirilib.
"Çərçivəyə alınmış bölgədən kənardakı vətəndaşlar üçün hazırda heç bir təhlükə yoxdur", - deyə nəşr əlavə edib.