Almaniya Federal Polisinin xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçusu ölkənin Şlezviq-Holşteyn federal torpağında hərbi poliqonda atəşaçma təlimi zamanı həlak olub.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Lyubek polis idarəsindən məlumat verilib.
Hadisə Oldenburq şəhəri yaxınlığındakı Putlos poliqonunda baş verib. Polis hadisənin detallarını açıqlamır, yalnız polisin təlim atışı zamanı ölümcül yaralandığını bildirir.
Lyubek polisi və prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.
"İstintaqın ilkin nəticələri bədbəxt hadisə olduğuna işarə edir", - deyə polisdən bildirilir.
Qeyd edilir ki, Putlos poliqonu birbaşa Baltik dənizi sahilində yerləşir və 1 200 hektardan çox ərazini əhatə edir. Poliqonda adi silah təlimləri ilə yanaşı, həmçinin artilleriya, tank əleyhinə sursatlar və hava hücumundan müdafiə sistemləri də sınaqdan keçirilir. Hərbçilərdən əlavə, obyektdən regional və federal polis də istifadə edir.