Almaniyanın Xerdeke şəhərinin yeni seçilmiş meri İris Ştalser bıçaqlı hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Bildirilir ki, Almaniya Sosial-Demokrat Partiyasının 57 yaşlı nümayəndəsi qarın və kürək nahiyəsindən ağır bıçaq xəsarətləri alıb. Onun vəziyyəti həkimlər tərəfindən kritik qiymətləndirilir.
Qadın meri yaralı halda oğlu aşkarlayıb. Ştalserin sözlərinə görə, hadisə küçədə baş verib və ona bir neçə kişi hücum edib.
Hazırda təcili yardım həkimləri siyasətçinin həyatını xilas etmək üçün mübarizə aparırlar.
Polis əməliyyat planı elan edib və şübhəlilərin axtarışını intensiv şəkildə davam etdirir. İstintaq siyasi motiv daxil olmaqla, bütün mümkün versiyaları nəzərdən keçirir.
Qeyd edək ki, İris Ştalser sentyabrın 28-də keçirilən bələdiyyə seçkilərinin ikinci turunda Xerdeke şəhərinin meri seçilmişdi. Hücum onun qələbəsindən cəmi on gün sonra baş verib.