Almaniyanın Mörs şəhərində xüsusi təyinatlı polis silahlı cinayətkarı saxlamaq məqsədilə siqh məbədinə hücum edib, lakin onun içəridə olmadığı ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, əməliyyatda avtomat silahlarla təchiz olunmuş yüzə yaxın polis əməkdaşı iştirak edib. Hüquq-mühafizə orqanları məbəddə silahlı şəxsin gizləndiyini ehtimal ediblər.
"Ərazi üzərində polis helikopteri dövrə vurub. Daha sonra həyəcan siqnalının ləğvi barədə məlumat daxil olub, silahlı şəxs tapılmayıb", - məlumatda qeyd olunub.
Bildirilir ki, hücumdan əvvəl icma ərazisində təxminən 40 nəfərin iştirakı ilə silahlı qarşıdurma baş verib. Nəticədə 11 nəfər xəsarət alıb.
İlkin məlumata görə, münaqişəyə səbəb məbədə məxsus maliyyə vəsaitləri ilə bağlı mübahisə olub.