İki bıçaq ilə silahlanmış 16 yaşlı yeniyetmə ABŞ-ın Pensilvaniya ştatındakı “Franklin Regional School”da 20 nəfəri yaralayıb.
Yaralıların biri məktəbin mühafizəçisi, yerdə qalanlar şagirdlərdir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, CNN-in verdiyi məlumata görə, olay Pitssburq şəhərinin yaxınlığındakı Morrisvil şəhərində yaşanıb.
Ştatın Fövqəladə Hallar Xidmətinin nümayəndəsi Den Stivensin verdiyi məlumata görə, yaralıların əksəriyyəti yüngül xəsarətlər alıblar:
“Yaralıların heç birinin həyatı üçün təhlükə yoxdur”.
Lakin Pitssburqdakı “Forbes” hospitalından verilən məlumata görə, yaralıların ikisinin vəziyyəti kritikdir. Bu hospitala 8 nəfər yerləşdirilib.
12 yaralı isə Pitssburq Universitetinin Tibb Mərkəzinə aparılıb.
Məktəb bir neçə gün bağlı olacaq, onun ərazisində polis çalışacaq. Məktəbin baş inzibatçısı Cennaro Piraynonun dediyinə görə, dəhşətli və qorxunc faciə ilə qarşılaşıblar.
Morrisvil şəhər polisinin rəisi Tomas Sifeld NBC-yə bildirib ki, əllərində bıçaq tutmuş şagird məktəbdə qarşısına çıxanı bıçaqlamağa başlayanda şahidlər polisə zəng vurublar.
16 yaşlı Aleks Hraybelin niyə belə faciə törətdiyi bəlli deyil. İlkin məlumatlara görə, o, məktəbdə qanlı olay törətməzdən əvvəl şagirdlərə zəng vuraraq onları ölümlə hədələyibmiş.