Müasir dərmanlar atom enerjisini xatırladır – onlar böyük xeyir gətirdikləri kimi ziyan da gətirə bilərlər.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya dərmanların təhlükəsizliyi üzrə komitənin birinci sədri Ser Derrik Danlop bildirib.
Antibiotiklər meydana gələnə qədər hər doqquz adamdan biri adi sıyrıq və ya həşərat dişləməsi zamanı yaranan dəri infeksiyasından vəfat edirdi. Doğuş zamanı ölən qadınların sayı az deyildi. Pnevmoniya xəstəliyinə tutulmuş insanların 30%-i vəfat edirdi. Qulaq, burun, boğaz infeksiyaları ürək, əzələ və böyrəklərə təsir edirdi. Bu isə sonda bu orqanların ağır xəstəliyinə səbəb olurdu.
Antibiotikləri həqiqətən də təbabətdə böyük uğur hesab etmək olar.
Onların sayəsində ölüm sayı enməyə başladı, orta ömür isə 20 il artdı.
Amma uzun illər boyu dünya həkimləri antibiotiklərin “qızıl dövrü”nün başa çatması ilə əlaqədar həyəcan təbili çalırlar. İş ondadır ki, müxtəlif infeksiyalar bu dərmanlara daha dayanıqlı olmağa başlayıblar. Hətta “pan-rezistent” adlanan infeksiyalar belə meydana gəlib, onlar heç bir antibiotiklərlə müalicə edilmir.
“Antibiotiklərə həssas olan bakteriyalar DNT-də gedən genetik mutasiya nəticəsində dayanıqlı olaraq daha tez çoxalırlar, yəni mikroorqanizmlərin populyasiyası bu sürətlə gedir”.
Bu barədə Oxu.Az-a RF farmaseptik bazarının lider şirkətlərindən olan tibbi ekpert deyib.
Nəticədə elə bir vəziyyət yarana bilər ki, artıq insanları müalicə etmək mümkün olmayacaq.
Antibiotiklər müalicə xassələrini tez itirdikləri üçün dərman sənayesi onların istehsalatına marağını itirir.
2004-cü ildə cəmi beş yeni antibiotik işlənib. Onlarla müqayisədə xroniki xəstəliyi müalicə edən 500 dərman istehsal edilib və onlar antibiotiklərdən fərqli olaraq bir neçə gün yox, uzun illər ərzində qəbul edilirlər. O vaxtdan etibarən rezistent bakteriyaların sayı artıb və onlarla mübarizə indi çox çətindir. Belə ki, son illərdə az sayda yeni antibiotik meydana gəlib.
Bu tendensiya dünyanın antibiotiksiz bir dövrə qədəm qoymasına gətirib çıxara bilər.
ABŞ Xəstəliklərin nəzarət və profilaktikası Mərkəzinin direktoru doktor Tomas Friden kəskin xəbərdarlıqla çıxış edib:
“Əgər biz ehtiyatsızlıq etsək, antibiotiksiz bir dövrə qədəm qoyacağıq. Bəzi xəstə və mikroblar üçün bu dövr artıq başlayıb”.
Antibiotiklər olmayanda hər addımbaşı təhlükə ilə üzləşəcəyik. Kiçik sıyrıq ağır nəticə verə bilər. Siz sadəcə bu problemin miqyasını təsəvvür edin – infeksiya təhlükəsi ucbatından cərrahiyyə əməliyyatları və tibbi prosedurlar, məsələn, inyeksiya və venadaxili sistemlərin edilməsi mümkün olmayacaq. Bizim gündəlik həyatımız yetərincə risklidir: biz məişətdə baş verən minlərlə təhlükəli anlardan sığortalanmamışıq – kəsiklər, sıyrıqlar, əziklər və s.
Tibbi ekspertlər bəyan edirlər ki, bu problem qlobal miqyaslar alır.
Məsələn, Rusiyada hər il 2,5 milyon nəfər xəstə və 320 min tibb işçisi xəstəxana daxili infeksiya xəstəliklərinə tutulurlar, onların vurduğu iqtisadi zərər 5 milyard rubla çatır. Bu rəqəmlərin arxasında insan faciəsi durur.
Qeyd edim ki, insanların farmaseptik “möcüzə”dən məhrum olmamaları barədə proqnozlar elə antibiotiklər yaranan andan meydana çıxıb.
Birinci antibiotik – penisilini 1928-ci ildə ixtira ediblər, 1943-cü ildə döyüş meydanında yaralananlara isə ilk eksperimental dozaları almağa başladılar. Bu preparat çox əsgərin ömrünü qurtarıb. Cəmi iki il sonra – 1945-ci ildə isə tibb üzrə Nobel mükafatı alan Aleksandr Fleminq, antibiotikin təsirinin çox çəkməyə biləcəyi haqqında xəbərdarlıqla çıxış edir.
Fleminq öz proqnozlarında haqlı çıxır. 1940-cı ildə penisilinin təsirinə davamlı olan stafilokok yarandı.
Sonra isə antibiotik və bakteriyalar arasında qeyri-adi mübarizə başladı. Bu mübarizə bu gün də davam edir. Və bu “şahmat partiyasında” hər zaman “qaralar” bakteriyalara qalib gəlir.
Həkimlər belə vəziyyətin səbəbini antibiotiklərin əlçatan olmasında görürlər.
Bütün dünya həkimləri narahatdırlar. Vəziyyətdən yalnız bir çıxış yolu var: adi xəstələrin antibiotiklərdən istifadəsini tənzimləməyə təcili başlamaq lazımdır. Daha sadə dildə desək, onların azad satışını qadağan etmək və eyni zamanda qiymətini artırmaq lazımdır. Amma bu ideya bir sıra ölkələrin hökumətləri tərəfindən dəstək görməyib. Amma həkimlərin çoxu əmindir ki, tezliklə antibiotiklərin satışını məhdudlaşdırmaq lazım gələcək.
RF farmaseptik bazarının lider şirkətlərindən olan nümayəndəsi Oxu.Az-ın sualını belə şərh edib:
“Bu səbəbdən 2001-ci ildə ÜST-nin mikrob əleyhinə preparatların davamlılığının saxlanılması üzrə qlobal strategiyası işlənib hazırlanıb.
Fərz edilir ki, bu prosesə hamı cəlb ediləcək: xəstələr, həkimlər, stasionarlar, qida və heyvandarlıq; milli səhiyyə sistemləri; farmaseptika şirkətləri. Strategiyanın əsasları: mikrob əleyhinə preparatların qəbul edilməsi üzrə monitorinq; stasionarların mikroflorasının davamlılığına mütəxəssislərin epidemioloji nəzarəti; preparatların saxtalaşdırılmasına nəzarət; infeksiyalarla yeni mübarizə proqramının yaradılması”.
O, həmçinin qeyd edib ki, antibiotiklər orqanizmə yalnız dərman şəklində daxil olmurlar, eləcə də qida məhsulları şəklində, əsasən heyvandarlıq və quşçuluq məhsulları ilə də daxil olurlar.
“Belə qidanın istifadə edilməsi dərman-rezistent infeksiyadır”, - tibbi ekspert deyib.
Amma elm bir yerdə dayanmayıb, inkişaf edir.
Tibbi ekpertin sözlərinə görə, bakterial infeksiyalarla mübarizə üçün alternativlər artıq var – bu, bakteriyanı “zəbt edən” – bakteriofaqlardır.
“Bakteriofaqlar bakteriyaların virusudur, onlar təbiətdə və bütün canlı orqanizmlərdə, eləcə də insanlarda olur. Onlar xaricdən gələn bakteriyaları yox edə və dağıda bilir.
Bakteriofaqın genomu bakterial infeksiyaları yaradanlarla oxşardır. Bu isə onlarla mübarizə aparmağa imkan verir”, - ekspert bildirib.
Mütəxəssislər bilirlər ki, bu virusları zərərli bakteriyalarla mübarizə üçün proqramlaşdırmaq mümkündür, bu isə insan orqanizmi üçün zərərsiz baş verəcək.
Tibbi ekspertin sözlərinə görə, bu sahədə işlər artıq Rusiya, Böyük Britaniya, Polşa və ABŞ-da aparılır.
“Rusiya və ABŞ-da bakteriofaqlar dərman preparatları kimi qeydiyyatdan keçirilib. Bakteriofaqların infeksiya xəstəliklərinin müalicəsi sahəsində kliniki tətbiqinin geniş təcrübəsi var” – ekspert qeyd edib.
Tibbi analitiklər fərz edirlər ki, yaxın zamanlarda bakteriofaqların istehsalı farmaseptik sənayedə lider sahələrdən olacaq.
Antibiotiklər isə tarixə qovuşacaq...
Gülnarə Zeynalova
www.oxu.az