Noyabrın 27-də Moskvada Paşinsk piyada körpüsünün təntənəli açılışı olub.
Oxu.Az xəbər verir ki, mərasimdə tikinti işlərini həyata keçirən “Crocus Group”un prezidenti Araz Ağalarov da iştirak edib.
Körpünün açılışı Müslüm Maqomayevin ifasında səslənən “Təntənəli mahnı”nın sədaları və atəşfəşanlıq altında baş tutub.
Tədbir zamanı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov ilə telekörpü yaradılıb, o, Araz Ağalarova və tikintidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
O qeyd edib: “Araz Ağalarov və onun komandası sözünü tutdu. Körpü əla alınıb!”.
Körpü “Krasnoqorska” mikrorayonu ilə “Crocus City” olan ərazini birləşdirir. A.Ağalarov körpünü rəhbərlik etdiyi “Crocus Group”un maddi hesabı ilə tikdirdiyini bildirib:
“İnsanlar bu körpü vasitəsilə 5-10 dəqiqəyə metroya çata biləcəklər. Bizim üçün bu layihə bir məsuliyyət idi. Bu körpünün dünyada analoqu yoxdur. Piyadalar üçün bu qədər böyük bir körpü hələ heç yerdə tikilməyib”.
Uzunluğu 422,5 metr olan körpünün hündürlüyü 14,5 metr, eni 6,903 metrdir. Körpünün ümumi sahəsi 2 548,36 metr, çəkisi isə 1 221,3 tondur. A.Ağalarov onun tikintisi üçün 17 milyon manatdan çox pul xərcləyib.