Argentinanın Çubut əyalətində polis biokimyaçı alim Migel Edqardo Battistanı ailə üzvlərini uzun illər evdə əsir saxlamaqda şübhəli bilərək həbs edib.
Oxu.Az "La Nación" nəşrinə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, Battista ailəsi 2020-ci ildə Pataqoniyaya köçüb. Həmin vaxtdan etibarən kişi ailə üzvlərinin evdən çıxmasına icazə verməyib.
Biokimyaçının qonşuları polisə müraciət ediblər. Onlar kişinin 13, 17 və 19 yaşlı övladlarının məktəbə getmədiyinə diqqət çəkiblər. Bundan əlavə, evdən gələn qışqırıq səsləri və həyətin zibil qalaqları ilə dolu olması da şübhə yaradıb.
Evdə axtarış aparan hüquq-mühafizə orqanlarının əməkdaşları 42 yaşlı qadını və onun üç övladını son dərəcə ağır vəziyyətdə aşkarlayıblar.
Məhkəmə Battistanın həbsdə saxlanılması barədə qərar verib. Onun həyat yoldaşı psixiatriya şöbəsinə yerləşdirilib, uşaqlar isə müvəqqəti olaraq himayədar ailəyə verilib.
Təqsirləndirilən şəxsin vəkilləri ailə üzvlərinin evdən çıxmamasının könüllü olduğunu iddia edirlər. Onların sözlərinə görə, ailə başçısının elmi fəaliyyəti ilə əlaqədar təhdidlər və pul tələb etmə cəhdləri səbəbindən qadın və uşaqlar evdən yalnız gecə saatlarında çıxıblar.