Argentinanın San-Xuan əyalətində meşə yanğınlarının söndürülməsi zamanı istifadə olunan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan yeddi nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə Argentinanın Federal Fövqəladə Hallar Agentliyi və regional hökumət məlumat yayıb.
Məlumata görə, Federal Fövqəladə Hallar Agentliyi tərəfindən icarəyə götürülmüş "Bell 412" tipli helikopter San-Xuan əyalətində yerləşən İşiqualasto Milli Parkının yaxınlığında qəzaya uğrayıb.
Regional hakimiyyət orqanları qəza nəticəsində helikopterdə olan yeddi nəfərin hamısının öldüyünü təsdiqləyib.
Federal Fövqəladə Hallar Agentliyinin məlumatına əsasən, helikopter La-Rioxa əyalətində baş verən meşə yanğınlarının söndürülməsinə dəstək vermək üçün həmin əraziyə yollanmışdı.
Helikopterin qəzaya uğradığı yer digər hava gəmisi tərəfindən müəyyən edilib.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.