Moskvanın Sokol rayonunda yerləşən “Qardaşlıq qəbiristanlığı”nın bir hissəsinin satılması yerli sakinləri qəzəbləndirib.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, Rus mediasının verdiyi məlumata görə, adıgedən qəbiristanlıq hələ 1915-ci ildə, 2-ci Nikolayın zamanında knyaginya Yelizaveta Fyodorovnanın təşəbbüsü ilə salınıb.
Həmin qəbiristanlıqda Birinci Dünya Müharibəsi zamanı həlak olan əsgər və zabitlər dəfn edilib.
Bir tarixi abidə kimi qəbiristanlığın yaranmasının 100 illiyini qeyd etməyə hazırlaşan ruslara indi məlum olub ki, oranın böyük hissəsi biznes layihə üçün kimlərəsə satılıb. Üstəlik, orada restoran da tikilib və nəticədə o da məlum olub ki, həmin restoran Telman İsmayılova məxsus imiş.
Həmin ərazi Telman İsmayılovun qardaşı Fazil İsmayılov Moskva şəhəri Sokol rayonunun prefekti olarkən ona satılıb. Yəni qəbiristanlıqdakı ərazini çox cüzi məbləğ miqdarında oliqarx qardaş alıb.
İndi ruslar gələn ilədək həmin ərazinin boşaldılmasını tələb edirlər. Əks halda restoranı uçuracaqları ilə hədələyirlər.