Qırğızıstan prezidenti Almazbek Atambayev bir ildən sonra postunu tərk edəcəyini və ölkədə hakimiyyətin dəyişəcəyini bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Atambayev 2011-ci ildə Qırğızıstan prezidenti olub və bu postda səlahiyyətləri 2017-ci ilin sonunda başa çatır.
“Bu gün artıq prezidentliyimin altı ili tamam olur. Zaman çox tez keçir, gileylənməyə haqqım yoxdur. Qırğızıstan vətəndaşlarının yardımı ilə çox şey etməyə müvəffəq olmuşam. Hazırda ölkəmiz tamamən fərqlidir. Bir il sonra bu postu tərk edəcəm, ondan sonra nə etdiyimiz görünəcək”, - qırğız lideri ilin yekunlarına dair mətbuat konfransı zamanı bildirib.
Atambayev bildirib ki, gələn il xalqın kimi seçəcəyini bilmir, əsas odur ki, bir nəfər ölkəni geri qaytarmasın.
“Görürsünüz ki, prezident postunu tutmaq istəyənlərin sayı çoxdur, daha da çox olacaq. Xələfimizin olmaması məni sevindirir, bu, o deməkdir ki, biz demokratik ölkə qura bilmişik...
Düşünürəm ki, əgər qanunvericilik imkan verirsə, seçkilər (prezident seçkiləri) oktyabrda keçirilməlidir. Sistemli işləyən siyastçiləri sevirəm. Mən bir neçə namizəd görürəm, amma adlarını çəkməyəcəyəm”, - prezident deyib.
O qeyd edib ki, hakimiyyətə kimin gələcəyinin onun üçün fərqi yoxdur, əsas odur ki, sistemli, ciddi işləyən partiya olsun. Atambayev hesab edir ki, 2020-ci il üçün parlamentə bir-birini əvəzləyəcək iki güclü partiyanın yaranması yaxşı olardı, bu marginal partiyaların hakimiyyətə gəlməsinə mane olardı.
A.M.
www.oxu.az