Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Avroviziya”da qaydalar dəyişdi: Yeniliklər həm iştirakçılara, həm də tamaşaçılara təsir edəcək
Martın 11-də “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları müsabiqənin saytında qaydalarda dəyişiklik edildiyini açıqlayıblar.
Təşkilatçıların fikrincə, bu, yarışı daha da maraqlı edəcək.
İlk dəfə olaraq, Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya kimi Böyük Beşlik ölkələrindən, eləcə də ev sahibi İsveçdən olan sənətçilər əvvəllər olduğu kimi fonoqramla deyil, yarımfinal zamanı canlı çıxış edəcəklər.
Hər yarımfinalda onlardan üç çıxış olacaq. Birinci yarımfinalda Almaniya, İsveç və Böyük Britaniya, ikincidə isə Fransa, İtaliya və İspaniyadan olan musiqiçilər iştirak edəcəklər.
Digər bir yenilik o olacaq ki, finalda tamaşaçıların səsverməsi birinci mahnının ifasından bilavasitə əvvəl başlayacaq. Beləliklə, televiziya tamaşaçıları bütün müsabiqə iştirakçılarının çıxışını gözləməkdənsə, mahnılar ifa olunarkən öz səslərini verə biləcəklər.
Bundan əlavə, müsabiqədə iştirak etməyən ölkələrdən olan tamaşaçıların çıxışlardan əvvəl favoritlərinə səs vermək üçün demək olar ki, 24 saat vaxtı olacaq. Qalan hər kəs üçün onlayn səsvermə hər bir yarımfinal və final üçün ikinci məşq başa çatdıqdan dərhal sonra başlayacaq və canlı çıxışlar başlayana qədər davam edəcək.
“Əvvəllər final üçün səsvermə 26 iştirakçının hamısı mahnısını oxuyub qurtardıqdan sonra açılırdı. Bunun əvəzinə biz tamaşaçıları əvvəldən prosesə cəlb etmək istəyirik. Bəyəndiyiniz çıxışı görsəniz, dərhal səs verə bilərsiniz. Əlbəttə, nəticələrin əvvəlki illərdə olduğu kimi sonda hesablanması üçün gözləyə də bilərsiniz”, - deyə müsabiqənin icraçı prodüseri Ebba Adelsson yeni qaydaları izah edib.
Təşkilatçılar daha bir yeniliyin olacağını da elan ediblər, lakin hələlik bu barədə danışmayıblar.
Xatırladaq ki, “Avroviziya 2024” mahnı müsabiqəsinin finalı mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək. Yarımfinallar isə mayın 7-si və 9-na təyin edilib.
Mənbə: gordonua.com
Rəylər