Alp dağlarında buzlaqda 60 ildən çox qalan bel çantası və alpinizm avadanlığı 86 yaşlı avstriyalı alpinistə qaytarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "ORF Tirol" Tirol polisinə istinadən məlumat yayıb.
Polisin məlumatına görə, dağ bələdçisi iyulun 16-da Zultsalferner buzlağında, dəniz səviyyəsindən 2 955 metr yüksəklikdə bel çantası tapıb. Onun içərisində buz baltası, fotoaparat, tütün çubuğu və ciddi zədələnmiş sənəd qovluğu olub. Avadanlığın 1950-1960-cı illərə aid olduğu müəyyən edilib.
Sənədlər arasında çantanın sahibinin adı aşkarlanıb və polis onun kimliyini müəyyənləşdirib. Məlum olub ki, alpinist 1963-cü ilin avqustunda buzlaqdan keçərək dağa qalxarkən yarığa düşüb. Həmin vaxt o, bir neçə yoldaşı ilə kəndir vasitəsilə bir-birinə bağlı olub.
Alpinisti yarıqdan çıxarmaq mümkün olub, lakin çəkini azaltmaq üçün onun bel çantasını orada qoymaq məcburiyyətində qalıblar.
63 il sonra polis çantanı alpinistin oğluna təhvil verib. 86 yaşlı alpinist səhhətinə görə Tirol əyalətinə özü gedə bilməyib.
